Day, Month 00, Year
00: 00: 00 AM
Azərbaycanın iqtisadi inkişaf perspektivləri nikbin görünür - TƏHLİL

Koronavirus pandemiyası həm ayrı-ayrı ölkələr, həm də ümumilikdə beynəlxalq ictimaiyyət üçün ciddi sınaq oldu. O, dövlət idarəetmə sistemlərinin zəif tərəflərini müəyyən etdi, cəmiyyəti bir çox məsələlərin həllində transformasiyaya və çevik yanaşmalara sövq etdi.
Dəyişmiş şəraitdə yeni düşüncə səviyyəsinə, effektiv idarəetməyə və işləməyə keçid qaçılmaz hala gəldi. Həyat “vaxt maşını” kimi bizi yeni bir gerçəkliyə aparan pandemiyadan “əvvəl” və “sonra”ya bölündü.
Ötən il Azərbaycan üçün xüsusilə çətin oldu. O il sınaq ili idi - pandemiya, şok neft qiymətləri və Vətən müharibəsi. Ancaq necə deyərlər, pisi görməyincə yaxşının qədri bilinmir...
Azərbaycanda rəqəmsal texnologiyaların geniş tətbiqinin, pandemiya sonrası daha çoxşaxəli və davamlı iqtisadiyyat qurmanın, dərhal dövlət idarəetmə sistemində bir sıra islahatlar aparmağın və özəl investisiyalar üçün cəlbedici bir ekosistem yaratmağın vaxtı gəldi.
Bu, dövlət prosedurlarında və xidmətlərində şəffaflığın daha da artırılmasını, özəl sektoru xüsusi narahat edən dövlət satınalmaları sisteminin səmərəliliyinin artırılmasını və eyni zamanda dövlətlə sahibkarlar arasında tərəfdaşlıq əlaqələrinin qurulması yolu ilə qeyri-neft sektoruna birbaşa investisiyaların cəlb edilməsini nəzərdə tutur.
Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin nikbinliyini və ölkədəki biznesini genişləndirmək niyyətini mənimsəməli və pandemiyadan sonrakı transformasiya mərhələsinə başlamalıyıq.
Bu yaxınlarda Almaniya-Azərbaycan Ticarət Palatası dünyanın 30 ölkəsindən (Almaniya, Böyük Britaniya, ABŞ, Türkiyə, İsveçrə və s.) xarici sərmayə qoyan şirkətlərin sorğusuna əsaslanaraq “Azərbaycanda xarici biznes: İş mühitinə baxış 2021” adlı hesabat dərc etdi.
İşgüzar dairələr bir daha Azərbaycana inamlarını ifadə edərək, ölkəni siyasi cəhətdən sabit (respondentlərin 71 %-i) və təhlükəsiz (49 %) ölkə kimi xarakterizə etdilər.
Qiymətləndirmənin dayanıqlılığı sorğuda iştirak edən şirkətlərin 67 %-nin 10 ildən artıq Azərbaycanda çalışması, ölkə iqtisadiyyatı və yerli bazarda iş şəraiti haqqında əvvəldən məlumatlara malik olması ilə möhkəmlənir. Sorğuda iştirak edən xarici şirkətlərin əksəriyyəti (68 %) hökumətin keçən ilə nisbətən pandemiya dövründə iqtisadi siyasətinə inamı əhəmiyyətli dərəcədə artıraraq, ölkədəki mövcud iqtisadi vəziyyəti stabil qiymətləndirib (39 %). Pandemiya dövründə iqtisadi böhranın yaratdığı çətinliklərə baxmayaraq, şirkətlərin 57 %-i yeni investisiyalar qoyaraq Azərbaycanda fəaliyyətlərini genişləndirmək niyyətində olduqlarını bildiriblər. Üstəlik, pandemiya dövründə hökumətin özəl sektor sahibkarlarına maliyyə yardımı göstərməsi, biznes layihələrinə dövlət subsidiyalarının verməsi və vergi sistemində prosedurları sadələşdirməsi ilə hərtərəfli dəstəyi respondentlərin 60 %-nin gözündə (ötən il 50 %) Azərbaycanın reytinqini yüksəltdi. Onlar Azərbaycandakı biznes mühitini sərmayə qoymaq üçün əlverişli ölkə hesab ediblər.
Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı infrastruktur layihələri və Qarabağın iqtisadi potensialının bərpası artıq həyata keçirilir, işgüzar dairələrin ifadə etdiyi qiymətləndirmə böyük əhəmiyyət kəsb edir. Hesabat müəlliflərinin fikrincə, Azərbaycanın qərb bölgələrinin yenidən qurulması nəinki Xəzər regionunda sabitliyi təmin edəcək, həm də region ölkələrinin beynəlxalq nəqliyyat dəhlizlərinə və tranzit layihələrinə tam inteqrasiyası üçün yeni imkanlar açacaq.
Sorğuda iştirak edən şirkətlərin demək olar ki, yarısı (43 %) işğaldan azad edilmiş torpaqlardakı layihələrdə iştirakını nəzərdən keçirmək imkanını, şirkətlərin 22 %-i bu layihələrə maraq göstərdiyini, əsasən tikinti sektoru, telekommunikasiya və informasiya texnologiyaları ilə məşğul olan şirkətlərin 17 %-i isə artıq bu layihələrdə iştirak etmək istədiklərini bildirib. Diqqətəlayiq haldır ki, şirkətlərin 61 %-i dövlət-özəl tərəfdaşlığı çərçivəsində layihələrdə iştirak etməyə hazırdır. Belə müttəfiqliklər özəl sektorun texnologiyası və innovasiyası, işin həyata keçirilməsində qənaət effektinin təmini məqsədi ilə dövlət təşviqləri ilə birləşdirildikdə yaxşı işləyir.
Belə ortaqlığın uğurlu nümunələri kimi dövlətin xüsusi vergi-tarif rejiminə malik iqtisadi zonaların yaradılması və sənaye parkları, aqroparklar, Ələtdəki azad iqtisadi zona kimi biznesin uyğun infrastrukturla tam təmin edilməsini göstərmək olar. Sözsüz ki, bu cür əməkdaşlıq xarici sərmayə üçün ölkənin cəlbediciliyini daha da artıracaq.
Bu gün ölkədə 53 rezidenti olan beş ixtisaslaşdırılmış sənaye parkı var, Ağdamda isə yeni, altıncı park yaradılır. Parklarda doqquz minə yaxın insanı işlə təmin edən istehsal müəssisələrinin yaradılmasına təxminən 3,6 milyard dollar sərmayə qoyulub. Sənaye klasterlərinin yaradılması xidmətlərin, həmçinin ixrac yönümlü məhsulların həcminin və assortimentinin artırılmasında onların iştirakları illik artım ilə əsaslandırılır. Belə ki, sənaye parklarında istehsal həcmi 2021-ci ilin birinci yarısında keçən ilin eyni dövrü ilə müqayisədə 45 %, məhsullarının ixracı isə 38,5 % artıb.
Dünya Bankının iyun icmalında “Dünya İqtisadiyyatının perspektivləri” proqnozlarına əsasən, 2021-ci ildə Azərbaycanın iqtisadi artımının 2,8 %, 2022-ci ildə isə 3,9 % olacağını nəzərə alsaq, Azərbaycanın iqtisadi inkişaf perspektivləri olduqca nikbin görünür. Eyni zamanda, bu ilin səkkiz ayında 1,58 milyard ABŞ dollarından çox olan qeyri-neft ixracatının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 37,1 % artıb. Qeyri-neft ixracatının 2021-ci ilin sonuna qədər 2,2 milyard ABŞ dollarını keçəcəyi proqnozlaşdırılır.
İdxalı əvəz edən və ixraca yönəlmiş sənaye sahələrini daha da stimullaşdırmaq üçün hökumət özəl sektor üçün əlverişli bir ekosistem yaratmaq istiqamətində islahatlarını davam etdirməlidir. Gömrük qanunvericiliyinin liberallaşdırılması, dövlət satınalmaları sisteminin şəffaflığının və səmərəliliyinin artırılması, həmçinin antiinhisar tədbirlərinin gücləndirilməsi və yerli bazarda rəqabətin artırılması zərurəti getdikcə daha çox səsləndirilir. Özəl sektorun nümayəndələri dövlət şirkətlərinin bazar payının azaldılması məsələsini yenidən gündəmə gətirirlər; burada idarəetmənin özəl sektor tərəfindən həyata keçirildiyi, monitorinq və nəzarət funksiyalarının isə dövlətin əlində olduğu dövlət-özəl tərəfdaşlıq modellərindən biri nəzərdən keçirilə bilər. Beləliklə, dövlət maliyyələşdirməsinin səmərəliliyi, həmçinin özəl investisiyalar üçün seqmentin cəlbediciliyi arta bilər.


Tarix: 30-09-2021, 11:05 Oxunub: 157


Bölməyə aid digər xəbərlər