Day, Month 00, Year
00: 00: 00 AM
Ölkənin 6 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə başlanılır


Ölkədə yol infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində cari ildə inşası və əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulmuş avtomobil yolları ilə bağlı kompleks tədbirlər davam etdirilir.
Bu istiqamətdə Goranboy rayonunun Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən yenidənqurma işlərinə start verilib.
Bu barədə Sahibkartv.az-a AAYDA-dan bildirilib.
14 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolunun uzunluğu 16 kilometrdir.
Sözügedən yolun torpaq və çınqıl örtüklü olması yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli çətinləşdirdiyi, əhalinin rahat gediş-gəlişinə maneə yaratdığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi. Bu üzdən dövlət başçısının sərəncamı ilə burda təxirəsalınmaz tədbirlərin icrasına başlanılıb.
Avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun yenidən qurulur. Yolun layihə üzrə hərəkət hissəsinin eni metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr təşkil edəcək.
Layihə çərçivəsində yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə çınqıl qruntu tökülərək kipləşdirilib. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb, yolun genişləndirilməsi işləri aparılıb. Bundan başqa torpaq yatağı hazır olan hissələrdə yeni yol əsası inşa edilib. Daha sonra yol əsasının alt və üst layının tikintisi işləri aparılıb.
Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud boruların yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulan işlərdən olduğu üçün yol boyu su keçidlərinin, müxtəlif diametrli dəmir-beton su ötürücü boruların tikintisi işləri də yerinə yetirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun 11-ci km-də mövcud olan 2 ədəd bir aşırımlı körpülərin əsaslı şəkildə təmiri də layihə çərçivəsində icra olunub.
Bu işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işlərinə başlanılacaq. Bunun üçün 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə icra olunan layihənin sonuncu mərhələsində yol boyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, km göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkiləcək.
Sözsüz ki, aparılan işlər yol boyu yaşayan əhali ilə yanaşı yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, həmçinin yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək.



Tarix: 1-09-2021, 14:05 Oxunub: 216


Bölməyə aid digər xəbərlər