Day, Month 00, Year
00: 00: 00 AM
Buğdanın qiyməti yenə artır



Buğdanın qiyməti yenə artır 


Rusiyanın “taxıl sazişi”ndən çıxması buğda qiymətlərinin sabitliyinə ciddi təhlükə yaradıb. BMT və Türkiyənin çoxsaylı cəhdlərinə baxmayaraq, Moskva danışıqlardan imtina edir. Ukraynanın taxıl ixracının qarşısını almaq üçün onun liman infrastruktu­runa raket zərbələri endirir. Artıq Odessa vilayətinin liman infrastrukturunu vurmaq üçün “Kalibr” qanadlı raketlərindən istifadə adi hala çevrilib. “Bloomberg” Çikaqo Fond Birjasının ticarət məlumatlarına istinadən xəbər verir ki, hücumlar nəticəsində yerli yük terminalında avadanlıq zədələnib və bu, bazar iştirakçılarının Ukraynadan taxıl tədarükü ilə bağlı narahatlığını artırıb.
Tədarükcülərin narahatlığını artıran digər səbəb Rusiya hakimiyyətinin Qara dənizdə Ukraynaya gedən gəmiləri hə­dələməsi və Kiyevin cavab xəbərdarlıq­larıdır. 
Bu hadisələrin fonunda isə Rusiya tərəfi taxılla bağlı ixrac rüsumunu artır­maq niyyətindədir. Rusiya Federasiya­sının Kənd Təsərrüfatı Nazirliyinin mə­lumatına görə, arpa üçün ixrac rüsumu 439,6 rubldan 860,3 rubla, qarğıdalı üçün isə 2175,1 rubldan 2495,2 rubla qədər artırılacaq. Bəs bunun səbəbi nə­dir?
Ekspertlərin fikrincə, Rusiyanın taxıl sazişindən çıxması, eləcə də Qara də­nizdə ixrac imkanlarının məhdudlaşdı­rılması, ardınca rüsumların artırılması buğdanın qiymətinə ciddi təhlükə yara­dır. Ölkələr ərzaq təhlükəsizliyini təmin etmək üçün mümkün qədər tez xaricdən taxıl idxal etməyə çalışır. Bunun nəticə­sidir ki, Çikaqo Fond Birjasında buğda­nın qiyməti daha 2,5 faiz artaraq buşel (1 buşel 22,7 kiloqrama ekvivalentdir) üçün 7,3825 dollar olub.
Xatırladaq ki, birjalarda taxılın qiy­mət artımı bu həftənin əvvəlindən baş­lamış və son 5 ayda ən yüksək həddə qalxmış, bir buşel üçün sentyabr fyu­çerslərinin qiyməti 7,77 dollardək yük­səlmişdi. Bununla belə, sonrakı kotirov­kalar zamanı qiymət artımı dayanmış və aşağı düşmüşdü. Daha doğrusu, Rusi­yada rekord taxıl məhsulu dünya baza­rında qiymətlərin daha böyük sıçrayışla qiymət artımının qarşısını almışdı. Belə ki, Rusiya Taxıl İttifaqının prezidenti Ar­kadi Zloçevskinin sözlərinə görə, yeni kənd təsərrüfatı mövsümündə Moskva bazara 60 milyon tona qədər taxıl gön­dərə bilər. 
Özünü ərzaq buğdası ilə əsasən idxal hesabına təmin edən Azərbaycan üçün təbii ki, bütün bunlar izsiz ötüş­məyəcək. Azərbaycanın Kənd Təsər­rüfatı Nazirliyinin məlumatına görə, ölkənin buğdaya ümumi tələbatı ildə 3,2-3,3 milyon ton təşkil edir. 2023-cü ildə sahələrdən 2 milyon 975 min 3 yüz ton məhsul toplanmış, məhsuldarlıq 32 sentnerə bərabər olmuşdur. Məhsulun 62,7 faizini, yəni təqribən 1 milyon 854 min tonunu buğda təşkil edib. Deməli, təqribən 40 faiz buğdanı xaricdən idxal edirik. Bu məqsədlə hər il böyük məb­ləğdə vəsait xərcləyirik. Məsələn, 2022-ci ildə xaricdən 1 milyon 300 min ton buğda idxal edilib. Ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiy­məti 341 dollar (579 manat), 2021-ci ilin eyni dövründə isə orta qiymət 282 dollar (480 manat) olub. Bu da onu göstərir ki, buğdanın idxal dəyəri artıb. 
Bu ilin 6 ayında isə Azərbaycan 493 min 210 ton buğda idxal edib. Bu həcm­də buğdanın idxal dəyəri 145 milyon 565 min ABŞ dolları təşkil edib. Bu, həcm baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 92 min 462 (23 faiz) ton, dəyər baxımından isə 2 milyon 462 ton (1,8 faiz) çoxdur.
Xaricə valyuta axınının qarşısını almaq üçün yerli istehsalı artırmalıyıq. Ərzaq təhlükəsizliyinin, xüsusən də taxıla olan tələbatın yerli istehsal hesabına təmin edilməsi isə olduqca vacibdir. Çünki etibarlı ərzaq təminatı bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərti, dövlətin kompleks təhlükəsizliyinin, o cümlədən iqtisadi təhlükəsizliyinin mühüm atributlarından biridir. 
iqtisad üzrə fəlsəfə doktoru, dosent Mahir Zeynalov:
– 2023-cü il avqust ayının 15-nə olan operativ məlumata əsasən sahələrdən 2,915 milyon ton məhsul toplanıb. Onun 1,829 milyon tonunu və yaxud 62,7 faizini buğda, 1064,1 min tonunu (36,5 faizini) arpa, 22,6 min tonunu (0,8 faizini) isə digər dən­li və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib. Biçin isə davam edir.
Ölkədə cəmi 1,8 milyon ton buğ­da istehsalı ondan xəbər verir ki, yerli istehsal təlabatı ödəməyəcək, 1,3-1,4 milyon ton da xaricdən idxal etməli olacağıq. Dünya bazarında isə taxı­lın qiymətləri yüksəkdir. Ümidverici məqam ondan ibarətdir ki, bu il taxıl istehsal edən ölkələrdə bol taxıl olub, qıtlıq və daha yüksək qiymət artımları gözlənilmir. Hərçənd ki, müharibələr, iqlim dəyişmələri əsas risk faktorları olaraq qalır.
Taxıl idxalında əsas ümidlərimiz isə Rusiya və Qazaxıstanadır. Buğda idxalında Rusiyadan asılı olmağımız qiymətlərə təsirsiz ötüşməyə bilməzdi. 2020-ci ildə ölkəyə idxal edilən 1 mil­yon 365 min ton buğdanı 300 milyon dollara, 2021-ci ildə1 milyon 148 min ton buğdanı 332 milyon dollara, 2022-ci ildə isə 1 milyon 300 min ton buğ­danı 437 milyon dollara almışıq. 2020 və 2022-ci illərdə təqribən eyni həcm­də taxıl idxal eləsək də, 45 faiz artıq vəsait ödəmişik. Deməli, son 2 ildə bu qədər bahalaşma olub. Azərbaycan isə hələ də yerli istehsal hesabına daxili təlabatını ödəyə bilmir, xaricdən, əsasən də Rusiyadan buğda alır. 
Məhz indi baş verən prosesləri nəzərə alan iqtisadçı ekspertlər za­man-zaman ölkədə ərzaq təhlükəsiz­liyinin təmin olunmasının vacibliyini vurğulayırlar. İndi bu məsələ bir daha aktullaşır. Ümidlər isə işğaldan azad olunmuş torpaqlarımızda əsas ənənə­vi sahə kimi kənd təsərrüfatının yeni­dən dircəldilməsinədir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aqrar sektorda ölkənin ərzaq təhlükə­sizliyinə mühüm töhfə verəcək həcm­lərdə kənd təsərrüfatı və ərzaq məh­sullarının istehsal olunacağı gözlənilir. Xüsusən də, taxıl, meyvə, tərəvəz is­tehsalı, heyvandalıq əsas sahələr ola­caq. Qarabağda 1,213 milyon hektar torpaq sahəsinin yarısı - 591,776 min hektarı əkinə yararlı torpaq sahələri, 231,056 min ha əkin sahəsi, 351,822 min ha örüş-otlaq və biçənək sahəsi, 8,898 ha həyətyanı sahələrdir. 
İşğaldan azad olunmuş torpaqlar­da istehsal olunacaq kənd təsərrüfatı məhsullarının ölkə üzrə aqrar sekto­run 8-10 faizini əhatə edəcəyi, habelə yerli taxıl istehsalının 10 faizini verə­cəyi, ildə 350-400 min ton taxıl isteh­sal olunacağı gözlənilir. Əlbəttə, ildə 400-500 min ton əlavə taxıl istehsalı idxaldan asılılığı müyyən qədər azalt­sa da, tam aradan qaldırmayacaq. Nəzərə alsaq ki, Azərbaycan əlavə olaraq ildə 1,3 milyon ton taxıl idxal edir, bu baxımdan real mənzərə orta­dadır. Mühüm olan taxıl istehsalında məhsuldarlığı 2 dəfə artırmaq, fermer­lər üçün gübrənin qiymətlərini əlçatan etmək və istehsalçılara praktiki və real dövlət dəstəyini artırmaqdır.

Tarix: 31-08-2023, 08:00 Oxunub: 102


Bölməyə aid digər xəbərlər