“Sahibkartv.az” xəbər verir ki, "Qərbi Azərbaycana qayıdış sülh müqaviləsindən asılıdır” adlı süjetdə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə ilk növbədə vasitəçi rolunda çıxış etmək istəyənlərin mane olduğu, Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyin təminatını istəyən regional əməkdaşlıq tərəfdarları normallaşma prosesinin başa çatmasına çalışdıqları bildirilir.
Qeyd olunur ki, son zamanlar Azərbaycanla Ermənistan arasında danışıqlara Qərb, o cümlədən ABŞ və Avropa İttifaqı Şurası daha çox maraq göstərir: “Bunun üçün onlar hətta rəsmi Bakı ilə İrəvan arasında ikitərəfli görüş də təşkil edirlər. Qərbin məsələyə belə yanaşmasından Ruisya və Ermənistanda narahat olanlar var. Son günlər Moskvada verilən açıqlamalar Ermənistanda revanşistlər və Azərbaycanın Qarabağ iqtisadi bölgəsindəki separatçıların tör-töküntüləri bir az fərqli redaktə ilə təkrarlayırlar”.

Sonda vurğulanır ki, Oskanyan, Arutyunyan və başqaları Kremlin zuyünü tutaraq erməniləri yeni təhlükənin gözlədiyinə dair guya xəbərdarlıq edir: “Rusiya Cənubi Qafqazda sülh sərf etmədiyindən Oskanyan kimi kadrlarının dilindən yanlış düşüncələr yayır. Çünki Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması bir sıra qüvvələri regionda oyundankənara vəziyyətə salar. Belə olan halda heç Rusiya da mərkəzdə olmayacaq”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında avqustun 17-də saat 19:30-da Baku TV-nin efirində və Youtube kanalında yayımlanıb.




