Bu barədə “Sahibkartv.az”a "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi və onun nəzdində fəaliyyət göstərən Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov deyib.
Onun sözlərinə görə, ödəniş xidməti təchizatçıları üzərində tənzimləmə-nəzarət çərçivəsini formalaşdıran bu qanun mövcud fintexlərin, qabaqcıl beynəlxalq təcrübədə olduğu kimi, lisenziyalaşdırılmasını və ya qeydiyyat prosedurunun tətbiqini təmin edir.
“Bununla yanaşı fintexlər yeni və daha innovativ ödəniş xidmətlərinin göstərilməsini əldə edəcəklər. Qanunun bu xüsusiyyəti ekosistem iştirakçıları arasında rəqabətin daha da artmasına və ödəniş xidməti istifadəçiləri olan istehlakçıların ehtiyaclarını qarşılayacaq innovativ həll və texnologiyaların tətbiqinə imkan verəcək. Eyni zamanda, bu qanun açıq bankçılıq texnologiyasının tətbiqi əsasında ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti və hesab üzrə məlumat xidmətlərinin göstərilməsini, rəqəmsal platformaların fəaliyyətinin daha da aktivləşməsini təmin edəcək”.

“Belə ki, ödəniş agentləri şəbəkəsinin daha ucqar regionlarda formalaşdırılması, məsafədən göstərilən ödəniş xidmətlərinə üstünlük verilməsi maliyyə xidmətlərini əhali üçün daha əlçatan edəcək”.
T.Rüstəmov maliyyə bazarlarında müşahidə ediləcək başqa bir yeniliyin ödəniş xidməti istifadəçisi olan istehlakçıların rəqəmsal ödənişlər sahəsində bir sıra üstünlüklər qazanması olacağını deyir:
“Belə ki ödəniş xidməti istifadəçilərinin məlumatlandırılması, ödəniş sərəncamının icrası və xidmət haqlarının tətbiqi, avtorizə edilməmiş ödəniş əməliyyatları üzrə məsuliyyət bölgüsü, müqavilə münasibətlərinin daha da dəqiqləşdirilməsi, ödəniş alətinə və fərdiləşmiş təhlükəsizlik məlumatlarına münasibətdə vəzifələrə dair tələblər istehlakçıların hüquqlarının daha da möhkəmlənməsini təmin edəcək”.

“Bu, ölkəmizin daha inkişaf etmiş və dinamik fintex mənzərəsinə doğru səyahətində əhəmiyyətli bir mərhələni qeyd edir. Bu qanun həm istehlakçılar, həm də bizneslər üçün əlçatanlığı, təhlükəsizliyi və səmərəliliyi artıraraq ödəniş xidmətləri və sistemləri sektorunda innovasiyalara və inkişafa yol açır”.
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun baş elmi işçisi Xəyaləddin Tağıyev bildirib ki, qanunun qəbul edilməsi ilə ölkəmizdə ödəniş bazarında elektron pul təşkilatının və ödəniş təşkilatının lisenziyalaşdırılması və nəzarəti ilə bağlı hüquqi çərçivə formalaşacaq: "Elektron pulun emissiyası və istifadəsinin hüquqi çərçivəsi yaranacaq, ödəniş xidməti istifadəçilərinin hüquqi müdafiəsi güclənəcək, açıq bankçılıq prinsipləri əsasında üçüncü tərəf xidmət təchizatçılari fəaliyyət göstərəcək, gücləndirilmiş müştəri autentifikasiyasi üzrə tələblər müəyyən ediləcək, ödəniş agentləri fəaliyyət göstərəcək və ödəniş sistemi operatorlarının fəaliyyət göstərməsi üçün hüquqi çərçivə müəyyən ediləcək. Əminəm ki, qanun ölkəmizin ödəniş ekosisteminin, xüsusən də fintexlərin inkişafına çox böyük töhfə verəcək".
