Rusiyanın taxıl sazişindən çıxması qərarının təsirləri BMT Təhlükəsizlik Şurasında müzakirə edilib.
Sahibkartv.az xəbər verir ki, bir çox üzv dövlət Rusiyanın razılaşmaya qayıtmasının vacibliyini vurğulayıb.
Çıxış edən BMT baş katibinin siyasi və sülh quruculuğu üzrə köməkçisi Rosemary DiCarlo Rusiyanın qərarından sonra qlobal ərzaq qiymətlərinin artmağa başladığına diqqət çəkib.
DiCarlo qeyd edib ki, bu, ən həssas cəmiyyətlərə mənfi təsir edən mövcud kənd təsərrüfatı, enerji və maliyyə böhranlarını daha da gücləndirir.
Rusiyanın Ukraynadakı limanlara hücumunun qida təhlükəsizliyinə əlavə zərbə vurduğuna diqqət çəkən DiCarlo, hücumların mülki vətəndaşların da itkisinə səbəb olduğunu bildirib.
"Qara dənizdə mülki gəmilərin hədəfə alına biləcəyi ilə bağlı təhdidlər qəbuledilməzdir", - DiCarlo bildirib.
"Qara dənizdə hərbi insident nəticəsində yarana biləcək bir qarşıdurmanın qarşısını almaq üçün hər cür tədbir görülməlidir. Əks halda, nəticələri hamımız üçün dəhşətli olacaq", -DiCarlo xəbərdarlıq edib.
BMT baş katibinin humanitar məsələlər və fövqəladə yardım üzrə koordinatoru Martin Qriffits bəyan edib ki, Rusiyanın bu qərarı onsuz da çox çətin vəziyyətdə olan milyonlarla insana mənfi təsir edib.
Qey edək ki, taxıl qiymətləri artmaqdadır.




































