Day, Month 00, Year
00: 00: 00 AM

İtaliyalı politoloq: “Bakı qlobal dialoq və multikultural dəyərlərin təbliği platformasına çevrilib”


"Qlobal Bakı Forumu kimi tədbirlər beynəlxalq əməkdaşlığın təhlili, beynəlxalq və transmilli münasibətlərin qurulması imkanları baxımından çox vacib əhəmiyyətə malikdir".
Bunu “Sahibkartv.az”a açıqlamasında italiyalı politoloq Dominiko Letisiya deyib.
"Avropa Azərbaycanın beynəlxalq münasibətlərin inkişafı modeli ilə tanışdır. Bakı qlobal dialoq platformasına çevrilib, burada müxtəlif nəzər nöqtələrini başa düşmək və uzaq geosiyasi reallıqları birləşdirmək üçün daim addımlar atılır, təmas nöqtələri müəyyən edilir, müxtəlif sahələrdə beynəlxalq əməkdaşlığın inkişafı imkanlarının qiymətləndirilməsi həyata keçirilir”, - politoloq bildirib.
Forum panellərindən birinin enerji təhlükəsizliyi mövzusuna həsr olunduğunu qeyd edən Dominiko Letisiya bu məsələnin qlobal problemə çevrildiyini, enerji böhranı zamanı Azərbaycanın İtaliya və Avropaya kömək etdiyini əlavə edib.
"Azərbaycan və Avropa arasında əməkdaşlıq yüksək qiymətləndirilməlidir. Trans-Adriatik qaz kəməri və Azərbaycan sayəsində İtaliya bütün Aİ ölkələri üçün enerji habına çevrilib", - o deyib.
İtaliyalı politoloq həmçinin multikultural dəyərlərin təbliğində Azərbaycanın rolunu da qeyd edərək, Azərbaycanda ənənəvi keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun gələn ildən bərpa olunacağını xatırladıb. Onun sözlərinə görə, Azərbaycan müxtəlif dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı ölkədir ki, bu da bütün dünya üçün layiqli nümunədir.
"Azərbaycanın qonşuları insan hüquqlarının pozulduğu İran, həmçinin etnik təmizləmə siyasəti yürüdən, xristian qardaşlığını əlində bayraq edərək Qərbdən istifadə etməyə çalışan, dindən siyasi şantaj aləti kimi istifadə edən Ermənistandır. Bu coğrafi kontekstdə dini dialoqu dövlət siyasəti səviyyəsinə qaldıran Azərbaycan var”, - ekspert qeyd edib.

Tarix: 13-03-2023, 18:40 Oxunub: 105


Bölməyə aid digər xəbərlər