Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqladığı statistika əsasında deyə bilərik. Belə ki, bu il dekabrın 1-nə ölkədə 1 399 990 vergi ödəyicisi olub. Bunun isə 709 557-si və yaxud 50,7 %-i aktiv olub. Başqa sözlə, qeydiyyatdan keçmiş 690 443 vergi ödəyicisi qeyri-aktivdir.
"Sahibkartv.az" bunun səbəblərini aydınlaşdırmağa çalışıb.
"Bakı Hesabat Mərkəzi" MMC-nin rəhbəri Mehdi Babayev qeyri-aktiv vergi ödəyicilərinin sayının çox olmasını müxtəlif səbəblərlə izah edir: “Bəzən sahibkarlar biznesin davamlılığını təmin edə bilmir və fəaliyyətini dayandırmağa məcbur olur. Amma bu, əsas səbəb deyil. Elə təsərrüfat subyektləri var ki, qanunvericiliyin yaratdığı imkanlardan, o cümlədən vergi güzəştlərindən və azadolmalarından, həmçinin vergi yükünü azaldan müddəalardan biznes maraqları üçün istifadə edir. Düzdür, belə hərəkətlər qanunsuz olmasa da, necə deyərlər, vergidən qanuni yayınma imkanı yaradır. Məsələn, mikro sahibkarlıq subyektləri, yəni illik dövriyyəsi 200 000 manata qədər olan təsərrüfat subyektləri üçün Vergi Məcəlləsində mənfəət və ya gəlir vergisinə dolayısı ilə 75 % güzəşt və dividendlərdən də 10 % vergi azadolması nəzərdə tutulub. Bu imkandan istifadə etmək üçün bəzi sahibkarlar, yaratdığı hüquqi şəxsin illik dövriyyəsinin 200 000 manatdan çox olma ehtimalını gördükdə bu hüquqi şəxsin fəaliyyətini dayandırıb növbəti hüquqi şəxs yaradır, beləliklə də bu hal dəfələrlə təkrarlana bilir. Nəticədə isə fəaliyyəti dayandırılan, yəni qeyri-aktiv edilən müəssisələrin sayı artır”.

Dövlət Vergi Xidmətindən isə "Report"a bildirilib ki, ölkədəki qeyri-aktiv vergi ödəyicilərinin əsas hissəsi mikro sahibkarlıqla məşğul olan fiziki şəxslərdir: “Onlar müvəqqəti fəaliyyəti göstərir, əksər hallarda mövsümi işlərlə məşğul olur. Məsələn, müəyyən bir iş görürlər, sonra fəaliyyətlərini dondururlar, amma VÖEN-lərini bağlamırlar. Yenidən hansısa bir xidmət göstərməli olanda, bir iş götürəndə fəaliyyətlərini aktiv edir, götürdüyü işləri görür, vergi hesabatlarını göndərir və növbəti iş götürənə qədər fəaliyyətlərini müvəqqəti dayandırırlar”.