Bu baxımdan ötən gün Rumıniyanın Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ölkəmizin iqtisadi və siyasi qələbəsidir.

Beləliklə, Azərbaycan elektrik enerjisinin Avropaya mühüm təchizatçısına çevrilməkdədir.
Prezident İlham Əliyev: "Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qeqavatlıq əlavə ötürmə gücü yaradılacaq. Təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qeqavatlıq yaşıl enerjinin istehsalına investisiya qoymağı planlaşdırır. İki gün əvvəl Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qeqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qeqavatlıq əlavə ötürmə gücü yaradılacaq".
Avropa rəsmilərinin də son bəyanatları qitəni təhdid edən enerji böhranı fonunda yenidən etibarlı tərəfdaş olan Azərbaycana üz tutmalarını təsdiqləyir.
Macarıstanın Baş naziri Viktor Orban: “Avropa Komissiyasının müdrikliyinə görə biz Azərbaycana çox diqqət yetirdik, onunla əməkdaşlığımızı inkişaf etdirdik. Azərbaycanın və Prezident Əliyevin Avropa İttifaqı ilə əməkdaşlığa həmişə açıq olması təqdirəlayiqdir. Mən özüm də bir il ərzində Avropa İttifaqının həmişə Azərbaycana etibarlı tərəfdaş kimi etibar edə biləcəyinin şahidi olmuşam”.
Avropanın qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varheyli: “Planlarımızın necə gerçəkləşdiyini görəndə həmişə sevinirəm. 17 milyard avro dəyərində olan Qara dənizin enerji təchizatı üçün sualtı kabelin çəkilməsi qarşılıqlı iqtisadi və sosial fayda gətirəcək”.
Beləliklə, Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Rusiya-Ukrayna müharibəsi fonunda qitə etibarlı tərəfdaş olan Azərbaycanla münasibətlərin yeni mərhələsinə qədəm qoyur. Həmçinin Azərbaycan Avropaya enerjinin təkcə çatdırılması yox, artıq şaxələndirilməsi işini uğurla icra edir. Məqsəd siyasi maraqların iqtisadi baxımdan qorunmasını təmin etməkdir ki, Azərbaycan da bunu uğurla icra edir.