"Sahibkartv.az" xəbər verir ki, Azərbaycanın yükdaşıyıcısı "Boeing" şirkəti ilə iki 777-8F yük təyyarəsinin alınması üçün müqavilə imzalayıb və onların tədarükü 2029-2030-cu illərdə planlaşdırılır. Razılaşmaya əsasən gələcəkdə eyni modeldən daha iki təyyarənin alınması nəzərdə tutulub.
"Silk Way West Airlines" bütün Mərkəzi Asiya regionu üzrə ən yeni, ən güclü və qənaətcil ikimühərrikli yük təyyarəsini sifariş edən ilk şirkətdir. Təyyarə 9200 km-dən çox uçuş məsafəsi ilə 118 tondan çox yük daşıya bilir. Qabaqcıl texnologiya, yeni GE9X mühərrikləri və kompozit qanad dizaynı ilə "Boeing 777-8F" 30% daha çox yanacaq səmərəliliyi və emissiya səviyyəsi, həmçinin ton başına 25% aşağı əməliyyat xərcləri təklif edir. Nəticədə yeni təyyarələr aviaşirkətin davamlılıq məqsədlərinə mühüm töhfə verəcək.
Bu sərmayə dünyanın 40 istiqamətinə xidmət göstərən "Silk Way West Airlines"a beynəlxalq şəbəkəsini daha da genişləndirməyə və yük daşımalarına artan tələbatı ödəməyə imkan verməklə yanaşı, həm də Bakını əsas beynəlxalq yükdaşıma mərkəzi kimi gücləndirəcək. Azərbaycanın paytaxtı Avropa və Qərbi Yarımkürəni Xəzər regionu vasitəsilə Asiya ilə birləşdirən Orta Dəhliz üçün getdikcə daha önəmli rol oynayır.
Hələ 2021-ci ilin aprelində yük aviaşirkəti beş "Boeing 777F" təyyarəsinin alınması üçün müqavilə imzalayaraq, donanmanın genişləndirilməsi üçün istiqamət təyin etdi. İndi yeni 777-8F təyyarələri "Silk Way West Airlines"ın donanma inkişaf planlarını tamamlayır, zəruri əməliyyat proseslərini təmin edir, onun uzunmüddətli davamlı inkişaf strategiyasını gücləndirir və Azərbaycan aviadaşıyıcısına müştəri xidmətlərini davamlı olaraq təkmilləşdirməyə imkan verir.
"Silk Way Group"un prezidenti Zaur Axundov deyib: “Biz çoxdankı tərəfdaşımız "Boeing" şirkətilə bu sifarişi elan etməkdən və ən yeni yük təyyarələrinin dünyada ilk müştərilərindən biri olmaqdan məmnunuq. Bu il "Silk Way West Airlines" 10-illik yubileyini qeyd edir və bu müddət ərzində biz yalnız Boeing təyyarələrindən ibarət donanmanı istismar etmişik. Bugünkü müqavilə bizim bazarda lider olan Boeing yük təyyarələrinə davamlı investisiyamızı əks etdirir. Donanmanın yenilənməsi planlarımız əməliyyat xərclərimizi azaltmağa və yanacaq səmərəliliyini artırmağa, eləcə də regionumuzda hava daşımaları xidmətlərini daha davamlı etməyə kömək edəcək”.
"Boeing Commercial Airplanes"in prezidenti və baş icraçı direktoru Sten Deal, "Yükdaşımalarına olan davamlı tələbat elektron ticarətin genişlənməsi və hava nəqliyyatının sürəti və etibarlılığı ilə bağlıdır və "Boeing" 2041-ci ilə qədər qlobal hava yük donanmasının 60% artacağını gözləyir” deyib. “Biz fəxr edirik ki, "Boeing"in məhsulları, o cümlədən 777-8F üçün bu sifariş "Silk Way West Airlines"in genişlənmə planlarını həyata keçirməkdə davam edir və Bakını qlobal yükdaşıma mərkəzinə çevirmək ambisiyasını həyata keçirməyə kömək edir”.
"Silk Way West Airlines" şirkəti haqqında
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş "Silk Way West Airlines" 12 müasir "Boeing 747-8F" və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən "Silk Way West Airlines" 28 aprel 2021-ci il tarixində "Boeing" aviakonserni ilə beş ən müasir 777F yük təyyarəsinin alışı barədə strateji razılaşma imzalayıb. Bakı Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli aviadaşıyıcının illik yükdaşıma dövriyyəsi 500 min tondan artıqdır. Genişlənməkdə olan şəbəkəsi ilə aviaşirkət Avropa, MDB ölkələri, Orta Şərq, Mərkəzi və Şərqi Asiya da daxil olmaqla 40-dan artıq istiqaməti əhatə edir. "Silk Way West Airlines" şirkəti Cənubi Koreyanın İnçxon hava limanı tərəfindən nüfuzlu “2020-ci ilin yükdaşıma aviaşirkəti” adına layiq görülüb.
"Boeing" şirkəti haqqında
Dünyanın aparıcı aerokosmik şirkəti olaraq, "Boeing" 150-dən çox ölkədə müştərilər üçün mülki təyyarələr, kosmik gəmilər və müdafiə sistemləri üçün məhsullar istehsal edir və onların istismarı üçün xidmət göstərir. ABŞ-da ən böyük ixracatçı kimi şirkət iqtisadi əməkdaşlığı, davamlılığı və yerli icmalara dəstəyi gücləndirmək üçün beynəlxalq təchizatçılar şəbəkəsinin gücündən istifadə edir. Boeing əməkdaşları innovasiyalara və şirkətin təhlükəsizlik, keyfiyyət və biznes şəffaflığı dəyərlərinə sadiqdirlər. Əlavə məlumat üçün