Day, Month 00, Year
00: 00: 00 AM

Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyevlə görüşüb. 
"Sahibkartv.az" bu barədə nazirliyə istinadən xəbər verir. 
Məlumata görə, nazir türkdilli dövlətlərin uğurlu əməkdaşlığını, milli və regional iqtisadiyyatın dəstəklənməsi istiqamətində tərəfdaşlığın və iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, son dövrlər iqtisadiyyatın digər sahələri ilə yanaşı, ticarət, investisiya, rəqəmsallaşma sahələrində əməkdaşlığın gücləndirilməsi əsas çağırışlardandır. Bu baxımdan Türk İnvestisiya Fondu və Türk Ticarət Evinin yaradılması, ticarət prosedurlarının sadələşdirilməsi, rəqəmsal iqtisadiyyat, ölkələrimizin azad iqtisadi və sənaye zonaları arasında əməkdaşlıq platformasının formalaşdırılması əlaqələrin genişləndirilməsi üçün önəmli təşəbbüsdür. İqtisadi tərəfdaşlığın gücləndirilməsi perspektivindən danışan M.Cabbarov biznes dairələri arasında əlaqələrin, ticari tərəfdaşlığın genişləndirilməsinin önəmini, bu istiqamətdə sentyabrın 16-da keçirilən Şuşa Türk Biznes Forumunun əhəmiyyətini diqqətə çatdırıb.
B.Amreyev isə təşkilata üzv dövlətlərin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, əlaqələrin dinamik inkişafını vurğulayıb, yeni istiqamətlər barədə fikrini bildirib.
Görüşdə TDT çərçivəsində əməkdaşlığın inkişafı, üzv dövlətlər arasında rəqəmsal ticarət, xidmətlər və sərmayələr sahəsində əlaqələrin genişləndirilməsi və s. məsələlər müzakirə edilib.

Tarix: 18-09-2022, 10:00 Oxunub: 96


Bölməyə aid digər xəbərlər