1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər.
Azərbaycanda müasir ordu quruculuğuna isə ötən əsrin 70-ci illərindən başlanıb. 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəlməklə milli zabit kadrlarının hazırlanmasını hədəf seçib və bununla da Azərbaycanda ordu quruculuğuna start verilib. Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb. Görülən işlər gənclərin həmin məktəbə, habelə ölkədən kənardakı hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar kadrların hazırlanması işinə böyük təkan verib.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi.

Ölkədə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Belə ki, Azərbaycanda qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, vahid komandanlıq yaradıldı, hərc-mərcliyə son qoyuldu və nizami ordu yaradıldı. Cəbhə bölgələrinə gedən Ali Baş Komandan Heydər Əliyev atəşkəsə nail oldu. Bundan sonra isə müasir ordu quruculuğu fundamental əsaslarla inkişaf etməyə başlayıb.
Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 mayda imzaladığı fərmanla Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpasında mühüm addım atılıb və 26 iyun - Silahlı Qüvvələr Günü elan olunub.

Keçmişi qələbələrlə zəngin olan Azərbaycan tarixində Silahlı Qüvvələrin yaradılması günü böyük Zəfərlə qeyd olunur.
Belə ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızın azadlığı uğrunda başlatdığı əks-hücum əməliyyatları nəticəsində düşmən üzərində qələbə qazanıldı. Beləliklə, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə Vətən müharibəsi adı ilə düşdü. Döyüş tapşırıqlarını və xidməti vəzifələrini ləyaqətlə yerinə yetirən Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi cəsarət, fədakarlıq, habelə təşəbbüskar və qətiyyəti sayəsində işğal altında torpaqlarımız azad olundu və Azərbaycanın ərazi bütövlüyü təmin olundu.

Azərbaycan xalqının, dövlətinin və əsgərinin birlikdə qazandığı böyük qələbə uzun illər ordu quruculuğu istiqamətində aparılan islahatların nəticəsidir. Azərbaycanın qazandığı bu qələbə nəyi, necə və nə zaman etməyi gözəl bilən Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin, güclü iradəsinin və qətiyyətinin nəticəsidir.