Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Abşeron Yarımadasının Dayazsulu Hissəsi layihəsi üzrə üçüncü kəşfiyyat quyusu bağlanıb

Baxış: 347

Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) layihəsi üzrə üçüncü geoloji-kəşfiyyat quyusu 25 may 2022-ci il tarixində təhlükəsiz şəkildə bağlanıb və daimi tərk edilib.

Bu barədə “Sahibkartv.az”a Abşeron yarımadası ətrafında dayazsulu hissənin (AYDH) kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş üzrə operator olan “BP-Azerbaijan” şirkətindən bildirilib.
Məlumata görə, saziş sahəsinin cənub-şərq perspektiv hissəsində yerləşən Qarabatdağ ərazisində qazılmış bu quyuda iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatları aşkarlanmayıb.
Qarabatdağ geoloji-kəşfiyyat quyusu (QBDX01) AYDH layihəsinin kəşfiyyat qazma proqramı üçün planlaşdırılmış fəaliyyətlərin sonuncu mərhələsi olduğundan “Satti” özüqalxan qazma qurğusu AYDH proqramında iştirakını bitirib.
QBDX01 kəşfiyyat quyusu sahildən təqribən 7 km aralı suyun dərinliyi təqribən 6 metrə çatan ərazidə qazılmışdı. Quyunun qazılmasına aprel ayının 4-də başlanmışdı və əsas quyunun ümumi dərinliyinin 2 155 metrə çatacağı planlaşdırılırdı. Əsas hədəfdə karbohidrogen ehtiyatları müşahidə olunmadığından qazma əməliyyatları 2 185 metr dərinlikdə dayandırılıb.
BP AYDH layihəsinin operatorudur və kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişdə 25 % iştirak payına malikdir. Digər tərəfdaşlar bunlardır: SOCAR-ın Ortaq Neft Şirkəti - 50 % və Rusiyanın "Lukoil" şirkəti - 25 %.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.