Bildirilir ki, Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz bir hissəsi olduğu üçün respublikamızın ərazisində tarixi və mədəniyyət abidələrinin qorunması beynəlxalq məsuliyyətdir. Bu torpaqlardakı erməni təcavüzkarların cinayətləri, dini, tarixi və mədəni irsimizin qəsdən məhv edilməsi Haaqa Konvensiyasının (1954-cü il), silahlı münaqişələr zamanı mədəni irsin qorunması, arxeoloji irsin qorunması üzrə Avropa Konvensiyasının (1992) və mədəni və təbii irsin qorunması üzrə UNESCO Konvensiyasın (1972) prinsiplərinə ziddir.
Məktubda Azərbaycanın mədəniyyət abidələrinin, tarixi və dini obyektlərinin erməni işğalçıları tərəfindən məhv və qarət edilməsi istiqamətində sistemli addımlar atdığı barədə faktlar təqdim olunub. Bildirilib ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarındakı mədəni irsi təxribat yolu ilə istismar etməklə yanaşı, onilliklər boyu davam edən anti-azərbaycan nifrətini asanlıqla ifşa edən çoxsaylı faktlara susur.

“Ermənistan eyni siyasəti Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərinə də tətbiq edib. 1990-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələrinin əlinə keçmiş Azərbaycanın əksər şəhər, qəsəbə və kəndləri 700 mindən çox azərbaycanlı sakinlərindən etnik təmizlənməyə məruz qalıb və sonradan yerlə-yeksan edilib.
Minlərlə mədəniyyət obyekti, o cümlədən məscidlər, məbədlər, məqbərələr, muzeylər, rəsm qalereyaları, arxeoloji abidələr, kitabxanalar və teatrlar talan edilərək dağıdılıb. Bundan başqa, Azərbaycanın tarixini, mədəniyyətini və etnik kimliyini inkar və təhrif etmək üçün bir çox mədəni və dini obyektlərin orijinal memarlıq xüsusiyyətləri qəsdən və məqsədyönlü şəkildə dəyişdirilib.
Azərbaycanın dini obyektləri tövlə kimi istifadə edilərək onların dini simvolizmi təhrif olunub ki, bu da azərbaycanlılara qarşı xüsusi təhqir kimi nəzərdə tutulmuş güclü və simvolik anti-müsəlman davranışıdır. 67 məscid və İslam dini ziyarətgahlarından 65-i dağıdılıb, 2-si isə əhəmiyyətli dərəcədə zədələnib. Ermənistanın bu fonda əksər müsəlman ölkələri ilə “səmimi münasibətləri və konstruktiv əməkdaşlığı” barədə iddialar səsləndirməsi vicdansızlığın zirvəsidir. Bundan başqa, əvvəllər işğal olunmuş ərazilərdə 900 qəbiristanlıq vandalizmə məruz qalıb və dağıdılıb. Azərbaycan həmin ərazilərdə aparılan qanunsuz arxeoloji qazıntılar zamanı aşkar edilmiş milyonlarla kitabın və nadir əlyazmaların məhv edilməsini, minlərlə tarixi əhəmiyyətli muzey eksponatının, eləcə də qiymətli əşyaların oğurlanmasını sənədləşdirib. Bu dağıntı Azərbaycanın mədəni irsinə bərpa olunmaz itki verib”.

Bundan başqa, ermənilərin “milli qəhrəman” adlandırdıqları müharibə cinayətkarlarına Azərbaycan ərazilərində heykəllər qoyaraq onları mədəni irs nümunəsi kimi təqdim etmək cəhdləri ifşa edilib və bu barədə beynəlxalq hüquqa əsaslanan arqumentlər gətirərək Ermənistanın əsassız iddiaları rədd olunub.
Məktubda müharibədən dərhal sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yenidən qurma və bərpa işlərinə başladığı, o cümlədən heç bir yarı seçkilik tətbiq edilmədən bütün növ mədəni və dini abidələrin təmir edildiyi qeyd olunur. Bununla yanaşı, 30 il ərzində Azərbaycana dəymiş ziyana şahidlik etmələri, bunu sənədləşdirmələri və bərpa işləri ilə tanış olmaları üçün yerli hökumətin dəvəti ilə bir çox beynəlxalq təşkilatların nümayəndələrinin və müstəqil ekspertlərin ərazilərə dəvət edildiyi Baş katibin diqqətinə çatdırılır.

Eyni zamanda, Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərlə bağlı 7 dekabr 2021-ci il tarixli qərarına istinad edilərək məhkəmənin Azərbaycanın Ermənistana qarşı iddiasını da təmin etdiyi və bununla əlaqədar iki qərar verdiyi məktubda vurgulanır. Bununla yanaşı, Ermənistan tərəfinin “mirasın dəyişdirilməsi” ilə bağlı iddialarının da həmin məhkəmə tərəfindən rədd edildiyi məktubda öz əksini tapıb.

Sonda Y.Əliyev Ermənistana reallığı təhrif etmək və beynəlxalq ictimaiyyəti yanlış yönləndirməkdənsə, nifrət təbliğatını dayandırmağı və özlərinin məsuliyyət daşıdığı cinayətlərə görə günahkarları mühakimə etməyi və cəzalandırmağı tövsiyə edib. Bu xüsusda, Ermənistanın dövlətlərarası münasibətlərin normallaşmasına çalışması, beynəlxalq öhdəliklərin əsasında regionda sülh və sabitliyin qurulmasına, saxlanılmasına yönəlmiş cəhdləri dəstəkləməsi tövsiyə olunub.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən vandalizmə və təhqirə məruz almış, dağıdılmış Azərbaycanın mədəni, tarixi və dini abidələrinin fotoşəkilləri məktuba əlavə olunub.
Məktub