Day, Month 00, Year
00: 00: 00 AM
BP ilə gömrük orqanları arasında nəzarət və rəsmiləşdirmə sürətləndiriləcək

BP şirkəti ilə gömrük orqanları arasında nəzarət və rəsmiləşdirmənin daha operativ aparılması üçün tədbirlər görülür.
“Sahibkartv.az”ın Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi məlumata görə, bunu qurumun sədri Səfər Mehdiyev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.
“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük orqanlarında həyata keçirilən islahatlar ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına və biznes mühitinin inkişafına da töhfəsini verir”, - deyən Komitə sədri gömrük orqanlarının bu istiqamətdə fəaliyyətindən danışıb, sahibkarlıq subyektlərilə səmərəli dialoqun qurulduğunu, şəffaflığın təmin edildiyini, gömrük prosedurlarının sadələşdirildiyini və qanunvericilik bazasının ardıcıl olaraq təkmilləşdirildiyini diqqətə çatdırıb.
S.Mehdiyev aparılan islahatların müsbət nəticələri barədə məlumat verib, son illər istər fiskal sahədə, istərsə də qaçaqmalçılığa, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əldə olunan uğurladan bəhs edib. DGK sədri bu gün bütün gömrük-sərhəd keçid məntəqələrində gömrük nəzarətinin ən müasir avadanlıqlarla həyata keçirildiyini, sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyətini artırmaq üçün yeni layihələrin gerçəkləşdirildiyini, informasiya texnologiyaları sahəsində Azərbaycan gömrüyünün çox böyük uğurlara imza atdığını vurğulayıb, son zamanlar bu istiqamətdə tətbiq olunan yeni layihələrlə bağlı məlumat verib.
O, “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinin biznesin inkişafına, ticarətin asan, sürətli həyata keçirilməsinə, könüllü riayət mədəniyyətinin formalaşmasına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, şəffaflığın təmin olunmasına, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə, ölkənin ixrac potensialının artırılmasına münbit şərait yaratdığını vurğulayıb.
Qonaqlara DGK-nın elektron informasiya sistemləri ilə bağlı təqdimat da nümayiş etdirilib.
Q.Counz ötən illərdə DGK ilə birbaşa qurulan müsbət əlaqələrdən bəhs edib, qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib. Şirkətin həyata keçirdiyi irimiqyaslı layihələrin icrasında gömrük orqanlarının müstəsna rolundan söhbət açan regional prezident gömrük sistemi ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib, uzun illərdən bəri mövcud olan bu işgüzar əlaqələrin gələcək perspektivlərindən bəhs edib. Azərbaycan gömrüyünün xüsusilə informasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlərin onda çox böyük və xoş təəssüratlar yaratdığını deyən Q. Cons bu uğurların davamlı olacağına əminliyini ifadə edib.
Görüşün sonunda S.Mehdiyev Q.Counzu və şirkətin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylini “Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalı ilə təltif edib.


Tarix: 18-05-2022, 14:05 Oxunub: 283


Bölməyə aid digər xəbərlər