
Baş Dövlət yol Polisi İdarəsi (BDYPİ) ötən gün Salyanda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
“Qafqazinfo” İdarənin məlumatına əsasən xəbər verir ki, qəzanın yüksək sürət və manevretmə qaydalarının pozulması səbəbindən baş verməsi ehtimal olunur.
“İyulun 20-si saat 18:00 radələrində Salyan rayonunun Şorsulu kəndinin ərazisində həmin kəndin sakini Nazim Qasımovun idarə etdiyi “VAZ” markalı avtomobillə, əks istiqamətdə hərəkətdə olan Alçalı kənd sakini Razi Dadaşovun idarə etdiyi “Toyota” markalı avtomobil toqquşub.Qəza nəticəsində Nazim Qasımov və sərnişinləri – İlkin Qasımov və Elnur Əsədov hadisə yerində, Vüqar Əsədov isə xəstəxanada həyatlarını itiriblər. Sərnişinlərdən Əlifağa Hümmətov, eləcə də Razi Dadaşovun azyaşlı oğlu da xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”.
BDYPİ hadisə ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları yayımlanan faciəli faktlara biganə qalmamağa, təhlükəsizlik qaydalarına, verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməyə çağırır.







































