Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanı da günəbaxan yağı defisiti gözləyirmi?

Rusiyanın fevralın 24-dən başlayaraq Ukraynanın suveren ərazisində həyata keçirdiyi “xüsusi əməliyyat”la əlaqədar olaraq sonuncu günəbaxanın emalını və ixracını dayandırmaq məcburiyyətində qalıb. Bu, Avropa İttifaqı, Şimali Afrika, Yaxın Şərq və digər ölkələrdə onun təklifinə əhəmiyyətli dərəcədə təsir edir. Dünya bazarında hazırda günəbaxan yağı çatışmazlığı müşahidə olunur. Ukrayna günəbaxan yağının dünyada ən iri istehsalçısı və ixracatçısıdır. Dünyada istifadə edilən günəbaxan yağının 60 % Qara Dəniz regionunda istehsal edilir. İkinci yerdə Rusiya gəlir. Buğdadan fərqli olaraq Azov-Qara Dəniz hövzəsindən olan günəbaxan yağını təkcə Çin və Hindistan deyil Avropa da aktiv şəkildə istehlak edir.
Ötən ilin oktyabr-dekabr aylarında Aİ-yə tədarük edilən günəbaxan yağının 86 %-i Ukraynanın payına düşüb. Söhbət 1,52 milyon tondan gedir. Avropanın yağ istehsalı zavodları günəbaxan yağı istehsalı üçün xammalın 35-45 %-ini Ukraynadan alırlar. Hazırda hərbi əməliyyatlarla bağlı bu ölkə günəbaxan yağı ixracını tamamilə dayandırıb. Bazardakı qeyri-müəyyənlik istehlakçıların əhvalına ciddi şəkildə təsir edir və əhali arasında ajiotajın yaranmasına səbəb olur. Artıq günəbaxan yağına olan ehtiyacının 60 %-ini Ukrayna hesabına ödəyən İspaniyada iri supermarket şəbəkələri bu məhsulun satışına məhdudiyyət qoyub. Gün ərzində adambaşına 5litrdən artıq günəbaxan yağı satılmır. Günəbaxan yağına olan ehtiyacının 94 %-ni xarici mənbələr hesabına ödəyən Almaniyada piştaxtalar sürətlə boşalır. Avropa İttifaqı ölkələri 4-6 həftədən sonra günəbaxan yağı çatışmazlığı ilə üzləşə bilər. Qısamüddətli perspektivdə yeni alternativlər tapmaq demək olar ki, mümkün deyil. Vəziyyətdən çıxış yolu kimi hətta biodizel üçün nəzərdə tutulan məhdud həcmdəki günəbaxan yağı ərzaq bazarına geri göndərilir.


Analoji vəziyyət demək olar ki, bütün dünya üzrə mövcuddur. Qardaş Türkiyə də bu mənada istisna deyil. Ölkənin istehlak etdiyi günəbaxan yağının yarıdan çoxu (55 %) Rusiyanın, 15 %-i Ukraynanın payına düşür. Bu cür asılılıq insanlar arasında ajiotaja və piştaxtaların boşalmasına səbəb olub. Cəmi bir sutkada günəbaxan yağı 2 dəfə bahalaşıb. Onun bir tonunun qiyməti 1,4 minABŞ dollarından 2 min ABŞ dollarına çatıb. Ölkənin uzağı 4 həftəlik ehtiyatı qalıb. Yeni partiyaların ölkəyə gətirilməsi mümkün deyil. Hazırda Azov dənizində Türkiyənin o cümlədən günəbaxan yağı ilə yüklü 16 konteyner daşıyan gəmisi təhlükəsizliklə bağlı vəziyyətdən dolayı geri dönə bilmir. Daxili tələbatı ödəmək üçün hökumət günəbaxan yağı ixracını qadağan edib. Bundan başqa günəbaxan istehsalçılarınada qrantlar veriləcək. Rusiya Türkiyəyə günəbaxan yağı və buğda ilə dolu 30 gəmi yollayacaq. Bunu iki ölkənin prezidenti telefon danışığı zamanı razılaşdırıb.
Əslində Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə günəbaxan yağı çatışmazlığını tətikləyən amillərdən biridir. Belə ki, defisit həm də yüksək tələblə yanaşı, məhsuldarlığın aşağı olması, istehsal güclərinin məhdudluğu, pandemiyaya görə tədarük zəncirinin sıradan çıxması, istehsal xərclərinin artması, bazardan bəzi istehsalçılarının getməsi ilə əlaqələndirilir. Bu gün günəbaxan yağının raps, soya, palma və qarğıdalı yağları ilə əvəz edilməsi də problematikdir. Çünki dünya bazarında onların da təklifi məhduddur. Dünyada ən geniş istifadə olunan bitki yağı olan palma yağının əsas istehsalçılarından olan İndoneziya onun ixracını daha da məhdudlaşdırıb. Məqsəd daxili tədarükü artırmaqla günəbaxan yağının qiymət artımının qarşısını almaqdır. Nəticədə bu il İndoneziyadan palma yağı ixracı 11,5 % azalacaq. Təklifin azalması qiymətlərə də təziq göstərir. 2022-ci ildə palma yağının qlobal qiymətləri 50 %-dən çox artıb.


Azərbaycan buğda kimi, günəbaxan yağı üzrə də xaricdən asılıdır. Ötən il Azərbaycan 53 min 362ton günəbaxan yağı idxal edib. Bunun 98 % Rusiyanın, qalan hissəsi Türkiyənin payına düşüb. Sanksiyalar fonundan Rusiya üçün ərzaq təhlükəsizliyi ön plana çıxır. 26 fevral – 4 mart arasında olan dövrdə Rusiyada günəbaxan yağı 0,71 % bahalaşıb. Martın 1-dən ixrac rüsumu bir ton üçün 260,1 ABŞ dollarına kimi artırılıb (fevrada 251,4 ABŞ dolları olub).
Avqustun 31-nə kimi Avrasiya İqtisadi Birliyi ölkələrinə Rusiyadan taxıl və şəkər ixracına qadağa qoyulacaq. Bu addım daxili ajiotaj və tələblə əlaqələndirilir. Analoji addımın günəbaxan yağı ilə bağlı atılacağı istisna deyil. Bu baş verəcəyi təqdirdə Azərbaycan alternativ kanallar axtarmaq məcburiyyətində qalacaq. Bunlardan biri Argentina ola bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan bu ölkədən xeyli vaxtdır qarğıdalı yağı alır. Yəni sabit logistik kanallar mövcuddur və tədarük zəncirini qısa zamanda həmin istiqamətə yönləndirmək mümkündür.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycan 12 ölkədən toplam olaraq 20 min 526 ton qarğıdalı yağı alıb ki, onun da 60 %-ə yaxını Argentinanın payına düşüb.
Bu Latın Amerika ölkəsi dünyanın aparıcı günəbaxan yağı istehsalçılarından biridir. Hazırda bu ölkədə günəbaxanın yığımı gedir. Faktiki həcmi 1,64 milyon ton olan məhsulun 30 %-i yığılıb. Bu ilin yanvar-sentyabr aylarında Argentina xarici bazarlara 0,8 milyon ton günəbaxan yağı tədarük edə bilər. Bu ölkə ilə logistika kanallarının mövcud olması Argentina günəbaxan yağından pay almaq imkanlarımızı xeyli artırır. Lakin təkcə son bir həftədə Argentina mənşəli günəbaxan yağı 500-600 ABŞ dolları bahalaşıb. Qlobal bazarda demək olar ki, oxşar proses gedir. Hazırda ölkəmizdə günəbaxan yağının qiymətində əhəmiyyətli dəyişikliklər yoxdur. Piştaxtalarda bu məhsulun çatışmazlığı hiss olunmur. Ola bilsin ki, buna daxili istehsal və xaricdən tədarük edilən ehtiyatlar hesabına nail olunur. Lakin daxili istehsal xarici xammala bağlıdır. Ehtiyatlar isə bir müddət sonra tükənəcək.


Tarix: 12-03-2022, 16:40 Oxunub: 195


Bölməyə aid digər xəbərlər