Day, Month 00, Year
00: 00: 00 AM
"Azərbaycan-İran sazişi Ermənistanı yenidən düşünməyə vadar edəcək"

"Azərbaycan və İran hökumətləri arasında yeni kommunikasiya əlaqələrinin yaradılması barədə sazişin imzalanması böyük siyasi, iqtisadi, loqistik əhəmiyyətə malik tarixi hadisədir. Azərbaycan Prezindenti İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə apardığı çevik xarici siyasət, diplomatik manevrlər bölgədə davamlı və möhkəm sülhün yaranmasına, yeni və faydalı əməkdaşlıq imkanlarının reallaşmasına yönəlik nəticələr verməkdədir".
Bunu "Sahibkartv.az"a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü "3+3" formatında əməkdaşlıq platforması bölgədə yeni siyasi-iqtisadi mənzərə yaradan uğurlu layihədir: "Bu layihənin reallaşması üçün bölgə dövlətləri arasında qarşılıqlı etimada və etibara əsaslanan ikitərəfli və çoxtərəfli sazişlərin, müqavilələrin imzalanmasının böyük əhəmiyyəti var. 2021- ci ilin iyunun 15-də Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları tarixi Şuşa Bəyannaməsinin və bu ilin fevralında Azərbaycan və Rusiya arasında Moskvada bağlanmış müttəfiqlik müqaviləsinin ardınca bu ilin martın 11-də Bakıda Azərbaycan və İran hökumətləri arasında yeni nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması haqqında sazişin imzalanması bölgə həyatına yeni perspektivlər vəd etməkdədir. Əlbəttə, Prezident İlham Əliyevin ideyası olan Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvanı birləşdirən loqistik layihə deyil, Türk dünyası arasında 102 il əvvəl pozulmuş coğrafi bağlantının, eləcə də, pozulmuş tarixi ədalətin bərpası kimi böyük missiyanın reallaşması olacaq".


Komitə sədri qeyd edib ki, Ermənistanın destruktiv siyasi mövqeyi Zəngilan-Mehri-Ordubad yolunun və kommunikasiya xəttinin açılmasını artıq il yarımdır ki, ləngidir: "Əslində, Ermənistan öz aləmində Zəngəzur dəhlizi kartından Azərbaycana təzyiq vasitəsi kimi istifadə etmək istəyir. Lakin bu uğursuz ölkədə unudurlar ki, kommunikasiyaların açılması məsələsi Ermənistanın kapitulyasiya aktı kimi imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb və Ermənistan göyə də çıxsa, yerə də girsə bu layihə gec-tez reallaşacaq. Prezident İlham Əliyevin söylədiyi kimi, yaxşı olar ki, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəsinə düşən vəzifələri könüllü surətdə yerinə yetirsin, əks halda biz Ermənistanı buna məcbur edəcəyik. İstənilən halda, Azərbaycan dövləti böyük siyasi iradə nümayiş etdirərək, kommunikasiya dəhlizlərinin yaranmasında aparıcı rolunu ortaya qoydu və yenə də Ermənistanın iqtisadi gərəksiz, loqistik dalana düşmüş bir durumu göz önündədir. Əgər Ermənistan indiyədək bir Zəngəzur dəhlizini açmaq istəmirdisə, indi iki Zəngəzir dəhlizi - Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu İran ərazisindən keçməklə Naxçıvanla birləşdirən Cənub Zəngəzur Dəhlizi və yaxın vaxtlarda mütləq reallaşacaq Zəngilan-Mehri-Ordubad istiqamətini nəzərdə tutan Şimal Zəngəzur Dəhlizi reallığı ilə barışmaq məcburiyyətindədir. Cənub Zəngəzur dəhlizi Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında avtomobil, dəmir yolu, elektrik, qaz, rabitə xətləri əlaqəsinin yaranmasını təmin etməklə yanaşı, Azərbaycan, İran və Türkiyənin dövlət maraqlarının daha sıx inteqrasiya olunmasına xidmət edəcək. Bu həm də bölgənin 3 müsəlman dövlətinin həyatında yeni mərhələnin başlanması deməkdir. Zəngilanın Ağbənd qəsəbəsindən körpülər vasitəsi ilə İran ərazisinə keçən yeni kommunikasiya xətti Ermənistanın dövlət sərhədinə 5 km məsafədən olmaqla təxminən 55 km İran ərazisindən keçərək Ordubada daxil olacaq. Yaxın gələcəkdə qardaş Türkiyə də "Ümid körpüsü" üzərində Qars-Naxçıvan dəmir yolu tikərək Zəngəzur dəhlizinə qoşula biləcək".
Deputat deyib ki, bu saziş həm də İrəvanda hakimiyyətdə olanları yenidən düşünməyə, 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatda nəzərdə tutulan kommunikasiyaların açılmasına yaratdaqları süni maneələri aradan qaldırmalarına təkan verəcək.


M.Quliyev onu da vurğulayıb ki, çox zaman siyasəti şahmata bənzədirlər: "Ona görə ki, şahmat digər oyunlardan daha çox intellektual potensial, ağıl, çeviklik, uzaqgörənlik, ən əsası isə iradə və psixoloji möhkəmlik tələb edir. Şahmatda və siyasətdə səhv etdinsə uduzacaqsan. Ən az səhv edən isə müdriklərdir. Siyasətdə digər güclərdən və alətlərdən daha çox müdriklik qalib gəlir. Şahmatda mahir və müdrik oyunçu birinci, yaxud ikinci gedişlə başlamasından asılı olmayaraq qalib gəlir. Eynən siyasətdə olduğu kimi. Prezident İlham Əliyev artıq neçə ildir ki, bölgədə və dünyada siyasi gedişlərini edir və qalib gəlir. Mahir siyasətçi üçün də ağ və qara fiqurlarla gediş etməyin fərqi yoxdur. Yalnız güclü və ədalətli olan əbədi qalibdir. Prezident İlham Əliyev təkcə qalib gəlmir, həm də qrossmeyster dərsləri verir".




Tarix: 12-03-2022, 16:37 Oxunub: 175


Bölməyə aid digər xəbərlər