Day, Month 00, Year
00: 00: 00 AM

Sərnişinlərin 51%-ni AZAL və “Buta” daşıyıb

2022-ci ilin yanvar ayında Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin axını 290 min nəfər təşkil edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Sahibkartv.az daxil olmuş məlumata görə, bu göstərici 2021-ci ilin statistikasını dörd dəfədən çox üstələmişdir. 
COVİD-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlərin mərhələli şəkildə yumşaldılması, həmçinin Azərbaycanın hava sərhədlərini açdığı ölkələrin sayının artması müsbət tendensiyaya səbəb olub. Lakin, sərnişin axını pandemiyadan əvvəl, 2020-ci ilin yanvar ayının nəticəsindən aşağı olaraq qalır və qeyd olunan dövrdə 395 min nəfər təşkil edib.
Ümumi sərnişin sayından 233 min sərnişin (ümumi sərnişin axınının 80%-i) Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb. Bakı hava limanının baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” 91 min və 28 min sərnişin daşıyıb ki, bu da müvafiq olaraq sərnişin axınının 39,1%-ni və 12,1%-ni təşkil edir.
Ötən ay 23 xarici aviaşirkət Bakı hava limanına uçuşlar həyata keçirib.
Aviadaşıyıcılar Azərbaycandan Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, Ukrayna, Belarus, Qətər, İsrail, Almaniya, Böyük Britaniya, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanına uçuşlar həyata keçirir.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının həcmi, uçuş-enmə əməliyyatları, aerovağzal kompleksinin sahəsi və yük kompleksinin tutumu baxımından Azərbaycanın və regionun ən böyük hava limanıdır.


Tarix: 16-02-2022, 13:36 Oxunub: 148


Bölməyə aid digər xəbərlər