Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Goranboy rayonunda kənd təsərrüfatı və emal sahələrinin inkişafı üzrə layihələrə baxış keçirildi

Baxış: 675

Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli 1044 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın rayonlarda icrası ilə əlaqədar Goranboy rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən təsərrüfatların mövcud vəziyyəti və inkişaf perspektivləri araşdırılıb.
Sahibkartv.az xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Adil Vəliyev, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, eləcə də rayonda yaradılmış Qərargahın üzvləri Goranboy rayonunda fəaliyyət göstərən bir sıra kənd təsərrüfatı müəssisələrində oldular.
Səfər çərçivəsində ərzaqlıq buğda və pambıq istehsalı, günəbaxan yağı istehsalı müəssisəsinin genişləndirilməsi, intensiv bağçılıq və heyvandarlıq təsərrüfatları üzrə həyata keçirilən layihələrə baxış keçirildi.
“Region Aqro” MMC tərəfindən 727 hektar sahədə 15 ədəd pivot suvarma sisteminin quraşdırılması yolu ilə 8 895 ton ərzaqlıq buğda istehsalı, yəni hər hektardan 60 sentner məhsuldarlığın əldə olunması hədəflənir. Hazırda 727 hektar ərazidə pivot suvarma sistemlərinin quraşdırılması, ərzaqlıq buğda əkini üçün nəzərdə tutulan hazırlıq işləri və zəruri kənd təsərrüfatı texnikalarının alınması yekunlaşdırılıb.
Digər sahibkar Əkbərzadə Fərid Vilayət oğlu tərəfindən isə 208 hektar sahədə 4 ədəd pivot suvarma sisteminin quraşdırılması yolu ilə 1 500 ton məhsul, yəni hər hektardan 50 sentner buğda əldə olunması nəzərdə tutulur. Təsərrüfatda 48 hektar ərazidə nəzərdə tutulan işlər yekunlaşdırılıb və həmin sahədə 1 ədəd pivot suvarma sistemi quraşdırılıb. Hazırda 160 hektar ərazidə müvafiq işlər davam etdirilir.
Sahibkar Məmmədov Arzu Papır oğlunun günəbaxan yağı istehsalı müəssisəsinin genişləndirilməsi layihəsi çərçivəsində istehsal gücünün illik 0,1 milyon litrdən 0,18 milyon litrə çatdırılması nəzərdə tutulur. Hazırda günəbaxan yağı istehsalı üçün zəruri avadanlıqların alınması məqsədilə Çin Xalq Respublikasının müvafiq şirkətləri ilə danışıqlar aparılır. Avadanlıqların 2026-cı ilin sentyabr-dekabr aylarında alınması planlaşdırılır.
Rayonda intensiv bağçılığın inkişafı istiqamətində də mühüm layihələr həyata keçirilir.
“Mira” MMC tərəfindən intensiv meyvə bağlarının sahəsinin əlavə 17 hektar artırılaraq 145 hektara çatdırılması, məhsuldarlığın 190,9 sentnerə, məhsul istehsalının isə 1 806,08 tondan 27 680,5 tona çatdırılması hədəflənir. Layihə çərçivəsində əlavə 15 hektar torpaq sahəsinin əldə edilməsi məqsədilə danışıqlar aparılır. Həmçinin 2027-ci ilin yanvar ayında Türkiyə Respublikasından meyvə ağaclarının sifariş edilməsi planlaşdırılır.
Sahibkar Kərimov Kamal Camal oğlu tərəfindən isə intensiv meyvə bağlarının sahəsinin əlavə 100 hektar artırılaraq 220 hektara çatdırılması, məhsuldarlığın 190,9 sentnerə, məhsul istehsalının isə 1 639,2 tondan 41 998 tona çatdırılması nəzərdə tutulur.
Heyvandarlıq sahəsində də istehsalın artırılmasına yönəlmiş layihələr həyata keçirilir.
Fermer Mustafayev Elmir Xanlar oğlu tərəfindən Macarıstan Respublikasından 108 baş südlük heyvanın gətirilməsi planlaşdırılır. Layihənin həyata keçirilməsi nəticəsində süd istehsalının 521 tondan 1 133 tona çatdırılması gözlənilir.
Sahibkar Kərimov Kamal Camal oğlu tərəfindən isə Avstriya Respublikasından 500 baş cins ətlik heyvanın alınaraq təsərrüfatdakı heyvanların sayının 1 080 başa çatdırılması və ət istehsalının 159,5 tondan 297 tona yüksəldilməsi hədəflənir.
Hazırda hər iki təsərrüfatda heyvanların alınması ilə bağlı araşdırmalar aparılır. Müvafiq işlərin 2028-ci ilin fevral və noyabr aylarında başa çatdırılması planlaşdırılır.
















Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.