Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezident Qaradağda açılışda - Fotolar

Baxış: 90
Prezident Qaradağda açılışda - Fotolar


Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda “Fabriora Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib.

“İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Fabriora Group” MMC-nin təsisçisi İbrahim Uygur dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat veriblər.

Bildirilib ki, müəssisədə həm yerli bazar, həm də xarici ölkələrdən gətirilən xammal və materiallardan istifadə olunmaqla kağız və gigiyenik məhsullar, o cümlədən uşaq bezləri, müxtəlif salfetlər və yuyucu vasitələr istehsal ediləcək. On bir hektara yaxın ərazidə yerləşən müəssisədə Almaniya, İtaliya və Türkiyənin müasir və yüksək avtomatlaşdırılmış istehsal texnologiyaları tətbiq olunacaq.

Məhsullar daxili bazarla yanaşı, Gürcüstana, Qazaxıstana, Rusiyaya, Yaxın Şərq ölkələrinə və digər dövlətlərə ixrac ediləcək. Burada 240 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.

Müəssisə İqtisadiyyat Nazirliyinin tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib. Layihənin ümumi investisiya dəyəri 27 milyon manatdır.

“Fabriora Group” MMC investisiya təşviqi sənədi əsasında avadanlıq idxalı zamanı ƏDV və gömrük rüsumlarından 1 milyon manat dəyərində güzəşt əldə edib.

Qeyd edək ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri sənaye potensialının gücləndirilməsi və rəqabətqabiliyyətli istehsalın genişləndirilməsidir. Sənayeləşmə prosesinin nəticələrindən biri də ölkədə daha dayanıqlı istehsal və təchizat zəncirlərinin formalaşmasıdır. Yerli istehsalın genişləndirilməsi həm daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, həm də Azərbaycan məhsullarının xarici bazarlara çıxışının artırılmasına imkan yaradır.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.