Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

AFAZ Cooperation Qarabağda istehsal müəssisələri ilə tanış olub: Məqsəd – "Made in Karabagh" məhsullarını Afrika bazarına çıxarmaqdır

Baxış: 171


Africa–Azerbaijan Cooperation (AFAZ) Qarabağ iqtisadi rayonuna işgüzar səfər həyata keçirib. Səfərin əsas məqsədi Qarabağda istehsal olunan məhsulların istehsal və ixrac potensialını öyrənmək, istehsalçı müəssisələrlə əməkdaşlıq imkanlarını müzakirə etmək və "Made in Karabagh" brendi altında istehsal olunan məhsulların Afrika bazarına çıxışına dəstək vermək olub.
Səfərdə AFAZ Cooperation-un təsisçisi Rəna Qəfərovaİdarə Heyətinin üzvü Lamiyə Xəlilova iştirak ediblər. Görüşlər zamanı Afrika ölkələrinin bazar tələbləri, məhsul standartları, sertifikatlaşdırma, ixrac prosedurları, logistika imkanları və uzunmüddətli əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində nümayəndə heyəti ilk olaraq Ağdam Sənaye Parkında fəaliyyət göstərən rezident müəssisələrin istehsal prosesləri ilə yaxından tanış olub.
Qeyd edək ki, Ağdam Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 28 may 2021-ci il tarixli 1347 nömrəli Fərmanı ilə yaradılıb və işğaldan azad edilmiş ərazilərdə qeyri-neft sənayesinin inkişafı, yeni istehsal müəssisələrinin yaradılması, məşğulluğun artırılması və ixrac potensialının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Müəssisə rəhbərləri istehsal gücü, məhsul çeşidləri, daxili və xarici bazarlara satış imkanları, həmçinin gələcək inkişaf planları barədə ətraflı məlumat təqdim ediblər.
Səfər zamanı AFAZ nümayəndələri aşağıdakı müəssisələrdə olublar:
  • "Accurate Az" MMC – Xocalı rayonunun Ballıca kəndində fəaliyyət göstərən ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsi;
  • "Qarabağ Tekstil Evi" MMC – Xocalı rayonunda fəaliyyət göstərən tekstil istehsalı müəssisəsi;
  • BAFCO Invest MMC – Ağdam Sənaye Parkında təhlükəsizlik ayaqqabılarının istehsalı müəssisəsi;
  • "Tabaterra" MMC – Ağdam Sənaye Parkında fəaliyyət göstərən tütün məmulatları istehsalı müəssisəsi;
  • "Eel Electric" MMC – elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyaların istehsalı müəssisəsi;
  • Mister Decor – Cənubi Qafqazın ilk ixtisaslaşmış divar kağızı istehsalı zavodu;
  • "GP Safety" MMC – Xankəndidə fəaliyyət göstərən iş əlcəkləri istehsalı müəssisəsi.
Görüşlər zamanı müəssisələrin Afrika bazarına ixrac perspektivləri geniş şəkildə müzakirə olunub. Xüsusilə məhsulların Afrika ölkələrinin bazar tələblərinə uyğunluğu, beynəlxalq sertifikatlaşdırma, distribütor şəbəkələrinin qurulması, logistik həllər və gələcək biznes missiyalarının təşkili istiqamətində fikir mübadiləsi aparılıb.
Africa–Azerbaijan Cooperation (AFAZ) uzun illərdir Azərbaycan ilə Afrika ölkələri arasında iqtisadi, ticarət və investisiya əlaqələrinin inkişafı istiqamətində fəaliyyət göstərir. Təşkilatın əsas prioritetlərindən biri Azərbaycan istehsalçılarının Afrika bazarına çıxışını dəstəkləmək, yeni ixrac imkanları yaratmaq və ölkənin qeyri-neft məhsullarının beynəlxalq bazarlarda tanıdılmasına töhfə verməkdir.
AFAZ Cooperation-un təsisçisi Rəna Qəfərova səfərlə bağlı bildirib:
"Qarabağda qısa müddət ərzində yaradılmış müasir sənaye müəssisələri yüksək keyfiyyətli və beynəlxalq bazarlarda rəqabət aparmaq gücünə malik məhsullar istehsal edir. Bizim əsas məqsədimiz bu məhsulları Afrika bazarında tanıtmaq, etibarlı distribütor və tərəfdaşlarla əməkdaşlıq qurmaq, eləcə də 'Made in Karabagh' brendinin Afrika ölkələrində tanınmasına və uğurla təmsil olunmasına dəstək verməkdir. İnanırıq ki, Qarabağ istehsalı olan məhsullar yaxın gələcəkdə Afrika bazarında öz layiqli yerini tutacaq."
AFAZ Cooperation yaxın aylarda Afrika ölkələrindən idxalçıların, distribütorların və investorların iştirakı ilə Qarabağ istehsalçıları üçün B2B biznes görüşləri, ixrac missiyaları, təqdimatlar və biznes forumları təşkil etməyi planlaşdırır. Bu təşəbbüs "Made in Karabagh" məhsullarının beynəlxalq bazarlarda tanıdılmasına, Qarabağ istehsalçılarının ixrac imkanlarının genişlənməsinə və Azərbaycanın qeyri-neft ixracının artırılmasına mühüm töhfə verəcək.






Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.