
Azərbaycanın aparıcı meyvəçilik və bağçılıq mərkəzlərindən biri olan Quba rayonunda, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun təşəbbüsü ilə aqronomluq fakültəsinin yaradılması regionun aqrar inkişafı baxımından mühüm strateji qərardır. Bu fikirləri TurkicWorld-a açıqlamasında Quba İş Adamlarına Dəstək (QİAD) Platformasının İdarə Heyətinin sədri Cabbar Heybətov bildirib.
Onun sözlərinə görə, Quba və ətraf rayonlar uzun illərdir Azərbaycanın meyvəçilik və bağçılıq üzrə aparıcı istehsal mərkəzlərindən biri kimi tanınır. Son illərdə intensiv bağçılığın sürətli inkişafı göstərir ki, aqrar sektorun davamlı tərəqqisi artıq təkcə zəngin təcrübəyə deyil, həm də elmi biliklərə, innovativ texnologiyalara və peşəkar insan kapitalına əsaslanır.
"Azərbaycanda intensiv bağçılığın sürətlə inkişaf etməsi, bağbanların müasir texnologiyalara artan marağı, məhdud torpaq sahələrindən daha yüksək məhsuldarlıq əldə etmək istəyi, eləcə də bazarın yeni və yüksək keyfiyyətli meyvə sortlarına artan tələbat aqrar sektorda keyfiyyətcə yeni inkişaf mərhələsi formalaşdırıb. Bu inkişafda Sahibkarlığın İnkişafı Fondunun dəstəyi, dövlətin güzəştli kredit və subsidiya proqramları, həmçinin kənd təsərrüfatı texnikası və müasir suvarma sistemlərinin lizinq yolu ilə əlçatan olması mühüm rol oynayır. Nəticədə intensiv bağçılığa keçid sürətlənir, istehsal xərcləri optimallaşır və fermerlərin rəqabət qabiliyyəti yüksəlir. Məhz bu dinamik inkişaf şəraitində peşəkar aqronomların hazırlanması strateji zərurətə çevrilib və Qubada aqronomluq fakültəsinin yaradılması bu ehtiyaca verilən ən doğru qərarlardan biridir", – deyə Cabbar Heybətov bildirib.
QİAD sədri qeyd edib ki, bu gün kənd təsərrüfatında rəqabət üstünlüyünü müəyyən edən əsas amillərdən biri yüksək ixtisaslı aqronom kadrların hazırlanmasıdır.
"Qubada aqronomluq fakültəsinin fəaliyyətə başlaması regionun elmi potensialını gücləndirməklə yanaşı, istehsalatın daha səmərəli təşkilinə, məhsuldarlığın artırılmasına, torpaq və su ehtiyatlarından rasional istifadəyə, həmçinin ixracyönümlü, yüksək keyfiyyətli məhsul istehsalının genişlənməsinə mühüm töhfə verəcək."-deyə QİAD sədri əlavə edib.
Cabbar Heybətov vurğulayıb ki, təhsil müəssisələri ilə özəl sektor arasında güclü əməkdaşlıq modelinin qurulması gələcək aqrar inkişafın əsas şərtlərindən biridir.
"Biz regional biznes ictimaiyyəti olaraq tələbələrin təsərrüfatlarda istehsalat təcrübəsi keçməsi, müasir aqrar texnologiyalarla yaxından tanış olması və gələcək məşğulluğunun təmin edilməsi istiqamətində universitetlə sıx əməkdaşlığa hazırıq. İnanırıq ki, elm, təhsil və biznes arasında qurulacaq bu tərəfdaşlıq regionda innovasiyaların tətbiqini sürətləndirəcək və dayanıqlı aqrar inkişafın möhkəm təməlini formalaşdıracaq."-deyə o qeyd edib.
QİAD sədri bildirib ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun kənd təsərrüfatının elmi əsaslarla inkişafına yönəlmiş bu təşəbbüsü uzaqgörən dövlətçilik yanaşmasının bariz nümunəsidir.
"Bu layihə təkcə yeni bir fakültənin yaradılması deyil, eyni zamanda regionun gələcək iqtisadi inkişafına, insan kapitalının formalaşmasına və aqrar sektorun rəqabət qabiliyyətinin artırılmasına hesablanmış strateji investisiyadır. Bu təşəbbüs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı, qeyri-neft sektorunun gücləndirilməsi və insan kapitalının inkişafı istiqamətində həyata keçirdiyi dövlət siyasətinin uğurlu davamıdır."- Cabbar Heybətov əlavə edib.
Sonda Cabbar Heybətov regional biznes ictimaiyyəti adından bu mühüm təşəbbüsə görə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudova təşəkkürünü ifadə edərək bildirib ki, aqronomluq fakültəsinin yaradılması gənclərin peşəkar inkişafına, aqrar sektora marağın artmasına, innovativ yanaşmaların geniş tətbiqinə və kənd təsərrüfatının elmi əsaslarla inkişafına mühüm töhfə verəcək. O qeyd edib ki, bu təşəbbüs Qubanın gələcəkdə ölkənin aparıcı aqrar innovasiya və meyvəçilik mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirəcək.
“Başda Yusif Alıyev müəllim olmaqla ,Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının bütün akademik heyətinə öz elmi fəaliyyətlərində uğurlar arzulayıram”- deyə Cabbar Heybətov vurğulayıb.
Qeyd edək ki, Quba Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında yeni tədris ilindən etibarən "Aqronomluq" ixtisası fəaliyyətə başlayır. Bu haqda Quba Rayon İcra Hakimiyyəti rəsmi “Facebook” səhifəsində paylaşım edilib.
Paylaşımda bu addımın rayon gənclərinin paytaxta getmədən, rayonda müasir və tələb olunan ixtisasa yiyələnməsinə, aqrar sektorda fəaliyyət göstərən yerli təsərrüfatların gənc aqronomlarla təmin olunmasına, regionda kənd təsərrüfatının məhsuldarlığının elmi yanaşmalarla daha da artırılmasına xidmət edəcəyi qeyd olunur.
“İxtisasın açılmasında göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Elm və Təhsil naziri cənab Emin Əmrullayevə dərin təşəkkürümüzü bildiririk. Əminik ki, növbəti illərdə kənd təsərrüfatının inkişafına mühüm töhfə verəcək digər ixtisasların da açılması ölkəmizin elmi potensialını gücləndirəcək, gənclərin peşəkar hazırlığını yüksəldəcək və kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqinə geniş imkan yaradacaqdır.”-deyə paylaşımda bildirilib.







































