Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

REGİONAL EXPO QUBA 2026 UĞURLA BAŞA ÇATDI

Baxış: 594


22 may 2026-cı il tarixində Quba şəhərində yerləşən Quba Olimpiya, İdman, Təlim, Tədris və İstirahət Kompleksində MÜSİAD, TECHERA və QİAD-ın birgə təşkilatçılığı ilə REGİONAL EXPO QUBA 2026 tədbiri uğurla keçirildi.
Tədbir Qızıl Sponsorlar – Rabitəbank ASC və Prometech, həmçinin Gümüş Sponsor – Cardinalia Septem Group şirkətinin sponsorluğu ilə təşkil olunub.
Regionun biznes, innovasiya, sənaye, kənd təsərrüfatı, turizm və xidmət sektorlarını bir araya gətirən sərgidə Quba və ətraf rayonlardan fəaliyyət göstərən 130 müəssisə və təşkilat öz məhsul və xidmətlərini təqdim etmək üçün stendlərlə iştirak edib. Gün ərzində sərgini təxminən 10.000 nəfər ziyarət edib ki, bu da tədbirin regionda sahibkarlığın inkişafına və biznes əlaqələrinin genişlənməsinə verdiyi töhfənin göstəricisidir.
Tədbirin yüksək səviyyədə təşkil olunmasına və keçirilməsinə Quba Rayon İcra Hakimiyyəti tərəfindən hərtərəfli dəstək göstərilib. Rəsmi açılış mərasimində dövlət qurumlarının nümayəndələri, iş adamları, investorlar, diplomatik korpus nümayəndələri və ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Tədbirin rəsmi açılış mərasimində dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, maliyyə institutları və akademik dairələrin nümayəndələri çıxış edərək regionların iqtisadi inkişafı, investisiya imkanları və dövlət-özəl tərəfdaşlığının əhəmiyyətindən bəhs etdilər.
Ramil İsmayılov – TECHERA şirkətinin direktoru tədbirin rəsmi açılış nitqini səsləndirərək REGİONAL EXPO layihəsinin məqsədi və strateji əhəmiyyəti barədə məlumat verdi. O, regionlarda keçirilən biznes və innovasiya tədbirlərinin yerli sahibkarlığın inkişafına və investisiyaların cəlb edilməsinə mühüm töhfə verdiyini vurğuladı.
İlqar Mahmudov – Quba Rayon İcra Hakimiyyətinin başçısı çıxışında dövlət-özəl tərəfdaşlığının əhəmiyyətindən danışdı. O, Quba rayonunun turizm, aqrar sektor və investisiya imkanları baxımından ölkənin perspektivli regionlarından biri olduğunu qeyd etdi.
Əlibala Məhərrəmzadə – Azərbaycan Respublikası Milli Məclisinin deputatı regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən dövlət proqramlarından bəhs etdi. O, sahibkarlığın genişləndirilməsinin ölkənin dayanıqlı iqtisadi inkişafında mühüm rol oynadığını bildirdi.
Müşfiq Məmmədli – Azərbaycan Respublikası Milli Məclisinin deputatı gənclərin məşğulluğu və peşəkar inkişaf imkanlarının artırılmasının vacibliyini vurğuladı. O, regionlarda keçirilən biznes və təhsil yönümlü layihələrin əhəmiyyətini qeyd etdi.
Gülizar Yavaş – Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Ticarət üzrə Baş Müşaviri Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivlərindən danışdı. O, bu kimi tədbirlərin gələcəkdə regional çərçivədən çıxaraq beynəlxalq biznes platformalarına çevriləcəyinə inandığını bildirdi.
Cabbar Heybətov – QİAD İdarə Heyətinin sədri sahibkarların vahid platformada bir araya gəlməsinin biznes əlaqələrinin inkişafına töhfə verdiyini qeyd etdi. O, QİAD olaraq regional biznes təşəbbüslərinin dəstəklənməsinin əsas prioritetlərdən biri olduğunu vurğuladı.
Fuat Kayhan – MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Azərbaycan və Türkiyə iş adamları arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyindən danışdı. O, regionlarda yeni investisiya və tərəfdaşlıq imkanlarının formalaşdığını qeyd etdi.
Ülvi Abasquliyev – Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini əmək bazarının inkişafı və peşə hazırlığı proqramları barədə məlumat verdi. O, işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsinin məşğulluğun artırılmasına xidmət etdiyini bildirdi.
Yusif Alıyev – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru universitet-sənaye əməkdaşlığının əhəmiyyətindən bəhs etdi. O, əmək bazarının tələblərinə uyğun kadr hazırlığında ali təhsil müəssisələrinin rolunu vurğuladı.
Orhan Gültekin – Rabitəbank ASC-nin İdarə Heyəti sədrinin müavini sahibkarlığın maliyyələşdirilməsi və biznes kreditlərinin əlçatanlığı mövzusunda çıxış etdi. O, region sahibkarları üçün bankın təqdim etdiyi maliyyə həlləri və dəstək proqramları barədə məlumat verdi.
Elçin Nağıyev – Prometech şirkətinin direktoru innovasiya və rəqəmsal transformasiyanın biznes mühitinə təsirindən danışdı. O, texnologiya əsaslı həllərin regionlarda fəaliyyət göstərən müəssisələrin rəqabət qabiliyyətini artırdığını vurğuladı.

Rəsmi açılış nitqlərindən sonra protokol heyəti sərgi zonasında yerləşən stendləri ziyarət edərək iştirakçı müəssisələrin fəaliyyəti ilə yaxından tanış olub.
Tədbir çərçivəsində İlqar Mahmudov ilə investorlar arasında B2G (Business to Government) formatında görüş keçirilib. Görüş zamanı regionun investisiya potensialı, sahibkarlığın inkişaf perspektivləri, yeni biznes təşəbbüsləri və dövlət-biznes əməkdaşlığının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Sərginin növbəti hissəsində Qızıl Sponsor Rabitəbank ASC tərəfindən sahibkarlarla görüş təşkil olunub. Görüş zamanı biznes kreditləri, maliyyə alətləri, sahibkarlığın maliyyələşdirilməsi imkanları və yeni əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat təqdim edilib.
REGİONAL EXPO QUBA 2026 regionlarda sahibkarlığın inkişafına, yeni tərəfdaşlıqların qurulmasına, investisiyaların təşviqinə və yerli müəssisələrin tanıdılmasına mühüm töhfə verən biznes platforması kimi yadda qalıb.
Təşkilatçılar tədbirin keçirilməsinə dəstək göstərən dövlət qurumlarına, sponsorlara, tərəfdaşlara, iştirakçılara və ziyarətçilərə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, REGİONAL EXPO layihəsinin növbəti mərhələsi olaraq REGİONAL EXPO GƏNCƏ 2026 sərgisinin 2026-cı ilin noyabr ayında Gəncə şəhərində keçirilməsi planlaşdırılır. Növbəti tədbirin daha geniş iştirakçı və ziyarətçi auditoriyasını bir araya gətirərək regionlararası iqtisadi əməkdaşlığın inkişafına əlavə töhfə verməsi gözlənilir.
















Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.