Day, Month 00, Year
00: 00: 00 AM
Neftin qiymətinin 14 dollar olması Azərbaycana necə təsir edər? - MÖVQE

2019-cu ildə Dövlət Neft Fondunun gəlirləri 19 milyard manat olub. Bu gəlirlərin 14.6 milyard manatı neftin ixracından əldə edilən gəlirlərdir. 4.4 milyard manatlıq gəlir isə digər fəaliyyətlərdən əldə olunub.Oxu.Az-ın xəbərinə görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
O xatırladıb ki, 2019-cu ildə Azərbaycan neftinin dünya bazarlarında orta satış qiyməti 66.8 dollar olub.
Əldə edilən 19 milyard manatdan 11.3 milyard manatı dövlət büdcəsinə köçürülüb, 200 milyon manatı isə qaçqın və məcburi köçkünlər üçün mənzillərin inşasına yönəldilib.
Deputat neftin qiymətinin 14 dollara düşəcəyi təqdirdə, bunun Azərbaycana hansı təsirlər göstərəcəyinə də toxunub.
Millət vəkili deyib ki, təxmini hesablasaq, o zaman Azərbaycanın neftin ixracından əldə edəcəyi gəlir təqribən üç milyard manat olacaqdı.
“Digər fəaliyyətlərdən də əldə olunan gəlirlərin təqribən dəyişməz olacağını qəbul etsək, onda Dövlət Neft Fondunun gəlirləri 7.4 milyard manat olacaqdı. Xərcləri ixtisar etməsək və neft fondundan dövlət büdcəsinə köçürmələri 2019-ci ildəki kimi yüksək səviyyədə saxlasaq, onda təqribən dörd milyard manat çatmayacaqdı. Bu da 2.35 milyard dollar edir”, - deyə T.Mirkişili əlavə edib.
O söyləyib ki, heç bir əlavə tədbirlərin görülməməsini fərz etsək və ölkənin strateji valyuta ehtiyatlarının 50 milyard dollardan çox olduğunu nəzərə alsaq, onda bu fərqin illərlə ödənməsi Azərbaycan üçün heç bir çətinlik tələb etməzdi:
“Yəni neftin qiymətinin 14 dollar olması bəzi insanların təsəvvür və arzu etdiyi kimi Azərbaycan üçün heç bir faciəyə gətirib çıxarmır və çıxarmayacaq. Əlavə olaraq, islahatları və qeyri-neft sektorunun inkişaf tempini nəzərə alsaq, onda mənzərə daha da yüngülləşir”.
Qeyd edək ki, Azərbaycanın 2020-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 55 dollar müəyyən edilib.


Tarix: 9-07-2020, 09:07 Oxunub: 171


Bölməyə aid digər xəbərlər