
Hörmətli sahibkarlar, əziz tədbir iştirakçıları!
Sizi səmimi-qəlbdən salamlayır və Sahibkarlar Günü münasibətilə ürəkdən təbrik edirəm!
Bu əlamətdar gün yalnız sahibkarlar üçün deyil, bütün cəmiyyətimiz üçün xüsusi əhəmiyyət daşıyır. Çünki məhz sahibkarlarımız ölkəmizin iqtisadi inkişafında, yeni iş yerlərinin yaradılmasında, sosial rifahın yüksəldilməsində mühüm rol oynayırlar. Bu baxımdan Goranboy rayonu da istisna deyil. Son illərdə rayonumuzda sahibkarlıq sahəsində mühüm nailiyyətlər əldə olunub, müxtəlif sahələr üzrə yeni müəssisələr, xidmət və istehsal obyektləri fəaliyyətə başlayıb.
Goranboylu sahibkarlarımızın əzmkarlığı, təşəbbüskarlığı və vətənpərvərliyi sayəsində həm rayonumuzun iqtisadi potensialı artır, həm də yerli əhalinin sosial rifahı yüksəlir. Dövlətimizin sahibkarlara göstərdiyi dəstək – vergi güzəştləri, subsidiya proqramları, güzəştli kredit imkanları – bu sahənin daha da inkişafı üçün geniş imkanlar yaradır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin mərkəzində dayanan əsas amillərdən biri də sahibkarlığın gücləndirilməsi, regionların dayanıqlı inkişafının təmin olunmasıdır. Goranboyda da bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılır.

Əziz sahibkarlar!
Sizin fəaliyyətiniz təkcə biznes uğuru deyil, həm də rayonumuzun gələcəyinə qoyulan sərmayədir. İnanıram ki, siz bu gündən sonra da eyni qətiyyət və məsuliyyətlə fəaliyyət göstərəcək, Goranboyun daha da çiçəklənməsi üçün çalışacaqsınız.
Bu bayram münasibətilə hər birinizə möhkəm can sağlığı, bol qazanc, uğurlar və ailə səadəti arzu edirəm.
Sahibkarlar Gününüz mübarək olsun!
Rüstəm Nağıyev





































