Day, Month 00, Year
00: 00: 00 AM
Koronavirusdan sağalan Eldar Bağırov: “Qoxubilmə hissim qayıtmadı” - MÜSAHİBƏ

Media.Az koronavirusa yoluxub sağalmış şəxslərlə həmsöhbət olmaqda davam edir.
35 yaşlı Eldar Bağırov hekayəsini bizimlə bölüşməyə razı olub. Bəlkə də, onun təcrübəsi COVID-19-la qarşılaşmış yüzlərlə vətəndaşımız üçün faydalı olacaq.
- Necə ehtimal edirsiniz, virusa harada yoluxmusunuz?
- Sonuncu ilə qədər Bəhreyndə yaşamışam. Orada pandemiya Azərbaycandan daha tez, yanvar ayının sonlarından yayılmağa başladı. Tədricən vəziyyət pisləşdi və mən 20 fevral tarixindən etibarən özünütəcrid rejiminə keçdim. İşdən çıxmağım və Amsterdamdakı işlə əlaqədar sənədlərimi hazırlamağım özümü təcrid etməyə imkan verirdi.
Fevralın 29-da karantin tədbirlərinin hələ tətbiq olunmadığı Bakıya gəldim. Üç-dörd gün ərzində qohumlarımla, dostlarımla görüşdüm. Profilaktik tədbirlərə riayət etməyə çalışırdım, insanlarımızın isə xəstəliyə etinasız yanaşmağına təəccüb edirdim. O vaxt Bəhreyndə insanlar artıq bütün təhlükəsizlik qaydalarına əməl edirdi. Üstəlik, bunu cərimə olunmamaq xatirinə və məcburiyyətdən deyil, hökumətin çağırışına qoşularaq həyata keçirirdilər.
Virusa harada yoluxduğumla bağlı çox düşünmüşəm. Şübhələnirəm ki, uçuş zamanı yoluxmuşam. O dövrdə hər kəs təyyarə ilə səfər edə bilərdi, temperatur ölçülmürdü, testlər aparılmırdı. Vətənə qayıdandan bir həftə sonra səhhətim pisləşdi.
- Xəstəlik özünü necə büruzə verdi?
- Hər şey 37-38 dərəcə hərarətlə başladı. Ümumilikdə, özümü qrip xəstəliyinə yoluxmuş kimi hiss edirdim, boğazım və burnum qıcıqlanırdı. Dad və qoxu hissini itirdim. Bu, İtaliyada pandemiyanın zirvəsinin yaşandığı dövr idi. Düşündüm ki, mənzilimdə tək yaşayıramsa, xəstəliyin öhdəsindən gələ bilərəm. Üstəlik, həyatımda heç vaxt ağır xəstəlik keçirməmişəm. Revmatoid artrit xəstəliyindən savayı, problemim olmayıb.
Yeganə çətinliyim xəstəliyin necə müalicə edilməsi barədə məlumatın olmaması idi.
- Siz hər hansı formada müalicə olunmağa başladınız?
- İlk gün parasetamol tərkibli toz dərmanı qəbul etdim. Ancaq sonradan səhvimi başa düşdüm – orqanizmin müdafiə sistemlərinin virusla mübarizə etməsinə imkan vermədim. Bir çox xalq müalicələrini sınamışam, burnuma üç faizli hidrogen-peroksid damızdırırdım, doqquz damcı hidrogen-peroksidi (100 kiloqram çəkimə müvafiq) damcılarını ilıq suya əlavə edib içirdim, zoğal mürəbbəsi ilə çay içirdim, doşab udurdum, arı südü, yerkökü ilə çuğundur şirəsi qəbul edirdim, portağal və naringi yeyirdim, biyan kökü siropu, vitamin kompleksi qəbul edirdim.
...Sizin vəziyyətiniz ağırlaşmağa başladı?
- Bəli. Öskürməyə başladım, ishal və ürəkbulanma əlavə olundu. Daha sonra ağciyərlərimdə ağrı hiss etdim. Dərindən nəfəs aldığım zaman ağciyərlərimin bütünlükdə yara içində olduğunu hiss edirdim. Sanki yaralar qabırğalarıma toxunurdu. Əvvəlki kimi nəfəs ala bilmədim, daim nəfəs darlığından əziyyət çəkirdim. Çox tərləyirdim, gün ərzində on dəfə köynəyimi dəyişmək məcburiyyətində qalırdım. Beləliklə, daha bir neçə gün keçdi.
Kritik mərhələ Novruz bayramı günlərinə təsadüf etdi. Necə boğulduğumu yaxşı xatırlayıram. Çarpayıdan enib, sürünərək eyvanın qapısına çatdım və onu açıb təmiz hava qəbul etdim. Bir qədər rahatladım. Növbəti gecə məni yenidən boğulma tutdu. Bu dəfə də sərin və təmiz hava köməyimə çatdı. Yuxu zamanı ağciyər əzələlərinin rahatlandığını anlayaraq yatmaqdan qorxdum. Oyaq olanda isə nəfəs almaq çətin idi, tez-tez azacıq nəfəs alırdım.
- Niyə təcili yardım çağırmırdınız?
- Tətilin bitməsini gözləyirdim, deyəsən. Ard-arda tənəffüs çatışmazlığının kəskinləşməsindən sonra “103” xidmətinə zəng etdim. Təcili tibbi yardım çağırışa operativ reaksiya verdi, məni koronavirus testindən keçirdilər. Onlardan xəstəxanaya yerləşdirilməyimi xahiş etdim. Testin nəticəsi məlum olmadan vətəndaşı xəstəxanaya yerləşdirməyə ixtiyarlarının olmadığını söyləyərək, bundan imtina etdilər. Yeri gəlmişkən, üç ay keçməsinə baxmayaraq, testin nəticələri barədə hələ də məlumat almamışam.
Təcili tibbi yardım avtomobili gedəndən sonra təşvişə düşdüm. Düşünürdüm ki, növbəti tənəffüs çatışmazlığından sonra sağ qalmaya bilərəm. Gecələr nə qədər yatmamağa çalışsam da, səhərə yaxın yuxuya gedirdim. Qohumlarımdan və dostlarımdan mənə tez-tez zəng etmələrini xahiş etmişdim. Hər ehtimala qarşı giriş qapısını bağlamırdım ki, mənzilə daxil olmaq mümkün olsun. Eyvanın qapısını da açıq saxlayırdım. Sahə həkimi zəng edib səhhətimlə maraqlanırdı. Ancaq testin nəticələri məlum olandan sonra müalicənin necə aparılacağını söyləmirdi. Məni nahaq yerə narahat etməməyini xahiş edəndən sonra mütəmadi zənglərini dayandırdı. Ağciyərlərimi kompüter tomoqrafiyasında müayinə etmək istəsəm də, həkimlər bildirdi ki, koronavirus testimin nəticələri mənfi olmasa, heç bir klinika məni qəbul etməyəcək.
- Testin nəticələrini öyrənmək üçün “qaynar xəttə” zəng etməmisiniz?
- Dəfələrlə zəng etmişəm. Testin nəticələri barədə məlumat öyrənəcəklərinə söz versələr də, məsələ bununla yekunlaşırdı.
- Yüngülləşdiyinizi nə zaman hiss etdiniz?
- Görünür, bəxt mənim tərəfimdə idi. Martın 23-də tənəffüsüm bir az sabitləşdi. O gündən qorxu hissim getdi və normal yata bildim. Gözlərimin altındakı qara haşiyələri yaxşı xatırlayıram.
Anladığım qədərilə, bu, oksigen çatışmazlığı ilə əlaqədar olub. Sonra bədənimin sol tərəfindəki bütün oynaqlar ağrımağa başladı: dirsəkdə, çiyində, dizimdə. Mənə dedilər ki, bu, sağalmanı göstərən son əlamətlərdir.
Artıq mart ayının 30-31-dən başlayaraq özümü daha yaxşı hiss etməyə başladım. Aprel ayının əvvəllərində özəl klinikalardan birində koronavirus testindən keçdim və nəticələr mənfi çıxdı. Pandemiya səngiyəndən sonra daha bir test verməyi düşünürəm. Bu günə qədər ağciyərlərimin zədələndiyini hiss edirəm. Qoxubilmə hissim isə hələ də qayıtmayıb.


Tarix: 8-07-2020, 16:52 Oxunub: 220


Bölməyə aid digər xəbərlər