“Sahibkartv.az” xəbər verir ki, "Dinc Dünya" Araşdırma Mərkəzi”nin təsis etdiyi "Konflikt jurnalistikası məktəbi"nin rəhbəri Əlisafa Mehdi təlimə qoşulan jurnalistlərin ekstremal şəraitdə təcrübə keçdiyini qeyd edib:
“Təlim proqramını uğurla başa vurmaq üçün jurnalistdən fiziki və psixoloji möhkəmlik tələb edilir. Ekstremal dönəmdə düzgün qərar qəbul etmək, döyüş səhnəsindən informasiya toplama zamanı sağ qalmaq, redaksiyaya zamanında məlumat ötürmək üçün jurnalist hərbçi qədər hazırlıqlı olmalıdır. Təhlükəli və münaqişəli zonada çalışan media nümayəndəsi anındaca riskləri dəyərləndirməli, redaksiyaya sağ qayıtmağı bacarmalıdır”.

“Fiziki, psixoloji, nizam-intizam cəhətdən problemi olan bir neçə iştirakçı təlimi başa vura bilməyib. İlkin nəzərdə tutulan 28 nəfərdən poliqon təlimini 22 jurnalist uğurla bitirib. Onları hələ qarşıda ciddi imtahan da gözləyir. Bu jurnalistlərə toplanan balların nəticəsinə görə diplom və ya sertifikat veriləcək”.
"Konflikt jurnalistikası məktəbi"ni (KJM) 2003-cü ildə “Dinc Dünya” Araşdırma Mərkəziyaradıb. KJM davamlı olaraq ölkədə ekstremal jurnalistika təlimlərini reallaşdırır. 2015-ci ildən layihə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərəfdaşlığı ilə Silahlı Qüvvələrin bazasında keçirilir. Tədris dövründə jurnalistlər həm auditoriya, həm poliqon təlimlərində iştirak edir, ekstremal vəziyyətdə davranış qaydalarını mənimsəyirlər.

KJM təlimlərinin 1-ci mərhələsinə aprelin 23-də start verilib. Auditoriya təlimləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilib. Poliqon təlimi olan 2-ci mərhələsi iyulun 2-dən başlayaraq 10 gün müddətində Azərbaycan Ordusunun hərbi hissələrində və poliqonlarında ekstremal vəziyyətə yaxın səhnələşdirilmiş şəraitdə reallaşıb.
Yaxın günlərdə layihənin üçüncü mərhələsinə start veriləcək.


