
Rusiya Silahlı Qüvvələri oktyabrın 21-nə keçən gecə Ukraynanın Kiyev, Zaporojye, Xarkov və Poltava vilayətlərinə kütləvi pilotsuz uçuş aparatları (PUA) və raket zərbələri endirib.
Hücumlar nəticəsində ümumilikdə 5 nəfər həlak olub, xeyli sayda mülki şəxs yaralanıb.
Kiyev şəhərinin Svyatoşinski rayonunda dronun 24 mərtəbəli yaşayış binasına çırpılması nəticəsində şiddətli yanğın baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə yerində 2 nəfər həlak olub, 1 nəfər yaralanıb.
Xarkov vilayətinin Korotiç kəndində kütləvi PUA hücumu nəticəsində 2 yaşlı dinc sakin həyatını itirib, 2-si uşaq olmaqla 11 nəfər xəsarət alıb. Zaporojye şəhərində və eyniadlı rayonda endirilən zərbələrdən 1 nəfər həlak olub, 6 nəfər yaralanıb.
Poltava vilayətinin Kremençuk şəhərində Rusiya ordusunun zərbəsi Mixail Ostroqradski adına Universitetin binasında yanğına səbəb olub. Hadisə nəticəsində 16 yaşlı yeniyetmə də daxil olmaqla 3 nəfər yaralanıb. Poltava şəhərində isə atəş nəticəsində inzibati bina və anbar kompleksində yanğın qeydə alınıb. Fövqəladə hallar xidməti ərazidə xilasetmə və yanğınsöndürmə işlərini davam etdirir.







































