Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Putinin BAŞI dərddə – Hitleri yıxan rusun Zelenskiyə gücü NİYƏ çatmır?

Baxış: 45
Putinin BAŞI dərddə – Hitleri yıxan rusun Zelenskiyə gücü NİYƏ çatmır?


Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibənin 12 gün sonra 4 il 6 ayı tamam olacaq. Kreml isə hələ də bu təcavüzü uydurma ifadə ilə – “xüsusi hərbi əməliyyat” adlandırır. Ona görə ki, müharibənin adı ağırdır.

İkinci yandan, Rusiya rəhbərliyi kimə müharibə elan edəcək – qonşu və qardaş, dindaş və slavyan xalqa? Nə qədər şovinist olsa da, bunu heç rus cəmiyyəti də anlamaz. Putinin bu müharibədə qələbə şansının olmamasının ilk səbəbi əslində bu. Eyni səbəbdən Ukraynaya qarşı müharibə 2-ci Dünya müharibəsinin müddətini ötüb və bu il də bitənə oxşamır...

Başqa bir səbəb əlbəttə ki, hərbi qarşıdurmanın ənənəvi üsullarla deyil, ən müasir hərbi vasitələrlə aparılmasıdır. Yəni, son yüz ilin hələ ki, ən uzun müharibəsində canlı qüvvə ilk dəfə həlledici faktor olmaqdan çıxıb. Və nə yaxşı ki, Ukrayna təcavüzkarla mübarizədə gözlənildiyindən qat-qat güclü və ləyaqətlə mübarizə aparır, mücadilə verir. Hərbi məğlubiyyətin mümkünlüyünü yaxına belə buraxmır.
Gerçək həmçinin budur ki, dünyanın heç bir ölkəsi, hətta “Rus NATO-su”nun (KTMT-nin) digər üzvləri, o sırada, ən yaxın müttəfiq ölkələr sayılan Belarus və Ermənistan Rusiyanın ərazi işğalını indiyədək tanımayıb, Putinin yanında yer almayıb, Ukraynanın ərazi bütövlüyü və suverenliyini şübhə altına qoymayıb.

Ukraynalılara əlavə mənəvi güc verən, işğalçı ordunu isə ruhdan salan, qələbəyə inamını sarsıdan sözsüz ki, həm də bu reallıqdır. Eyni zamanda, başqa postsovet ölkələri üçün pozitiv bir faktdır. Hər necə olmasa, Ukrayna birbaşa və dolayısıyla keçmiş SSRİ-nin bütün müttəfiq respublikaları uğrunda döyüşür, qurbanlar verir...

Şübhəsiz, Rusiya hakimiyyəti sadalananların hamısının fərqindədir. Ona görə də Putin nəyin bahasına olur-olsun, “Pirr qələbəsi”nə can atır. Bu məqsədlə onun Rusiyada hətta sentyabr parlament seçkilərindən sonra gizli səfərbərliyə gedəcəyi deyilir. Bəs niyə 2-ci Dünya müharibəsi zamanındakı kimi açıq yox, gizli?

Çünki artıq vurğulandığı kimi, bu müharibə Hitlerə qarşı müharibədən deyil. Rəsmi Kreml nəzarətindəki KİV-lər hesabına onları eyniləşdirməyə çalışa da, nəticə yoxdur. Heç kim çörəyi qulağına yemir. Odur ki, açıq səfərbərlik tamamən əks-effekt verə, toplumu ürküdə, əli silah tutan və əmək qabiliyyətli kişi əhalinin ölkədən köçünü, daha betəri, “beyin axını”nı sürətləndirə bilər...

Prezident Volodimir Zelenski də hesab edir ki, Putin rəsmi elan etmədən kütləvi səfərbərlik imkanını nəzərdən keçirir. Sitat: “O, səfərbərlik haqda düşünür, öz xalqını necə aldatmaq barədə düşünür. Elan etmədən kütləvi səfərbərlik keçirməyi düşünür. Bəzi şübhəli müqavilələr imzalamaq, sərhədləri bağlamaq və sair. Biz bunu görürük”.

Zelenskiyə görə, Rusiya rəhbərliyi Ukraynada qələbəyə nail ola bilmədiyi üçün müharibəni qələbə kimi təqdim etməlidir. Onun fikrincə, Kremlin məqsədlərindən biri Donbası ələ keçirməkdir. “O (Putin – Z.S), qələbəni satmalıdır. Amma onun Ukraynada qələbəsi olmayacaq”, – Ukrayna lideri vurğulayıb. Əlavə edib ki, Kiyevin öz qanuni ərazilərindən imtina etmək fikri yoxdur və belə güzəştlərin gələcək təcavüzə son qoyacağına zəmanət vermədiyinə əmindir.

“Qələbəni öz xalqına satmaq”, gizli səfərbərlik, 5 ildir elan olunmayan müharibə və bunların fonunda getdikcə daha da pisləşməkdə olan iqtisadi durum. Putinin başı əməlli-başlı dərddə..

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.