Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Anklavlar yenidən gündəmdə: Paşinyanın təklifinə Bakıdan mesaj

Baxış: 45



Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası prosesi davam edir. Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, indiyədək təxminən 13 kilometr dövlət sərhədi delimitasiya olunub və proses mərhələli şəkildə şimaldan cənuba doğru davam etdiriləcək. Onun sözlərinə görə, eksklav məsələləri də məhz bu proses çərçivəsində həllini tapmalıdır.
Bu açıqlamadan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan anklav və eksklavlarla bağlı iki mümkün variant irəli sürüb. O bildirib ki, həmin ərazilər hüquqi baxımdan aid olduqları dövlətin tərkibində qala və ya tərəflərin qarşılıqlı razılığı əsasında ekvivalent torpaq mübadiləsi həyata keçirilə bilər. Paşinyan bunun beynəlxalq praktikada rast gəlinən yanaşma olduğunu vurğulayıb.
Baş nazir həmçinin Alma-Ata Bəyannaməsinə istinad edərək, sərhəd məsələlərinin sülh sazişinin prinsipləri əsasında həll edilməsinin vacibliyini qeyd edib.
Siyasi ekspertlər hesab edirlər ki, delimitasiya prosesində əldə olunan irəliləyiş ümumi sülh danışıqlarına müsbət təsir göstərir. Onların fikrincə, sərhədlərin müəyyənləşdirilməsi SSRİ dövrünün təsdiqlənmiş xəritələri əsasında aparılır və eksklav məsələsi ayrıca deyil, delimitasiya prosesinin tərkib hissəsi kimi həll olunmalıdır.
Ekspertlər eyni zamanda bildirirlər ki, delimitasiya ilə sülh sazişi bir-biri ilə əlaqəli olsa da, hüquqi baxımdan fərqli proseslərdir. Sərhədin müəyyənləşdirilməsi istiqamətində əldə olunacaq razılaşmaların iki ölkə arasında etimadın möhkəmlənməsinə və yekun sülh razılaşmasına əlavə töhfə verəcəyi gözlənilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.