
Ağ Ev ABŞ və İran arasında Hörmüz boğazı üzərindən çoxgünlük və ya hətta çoxhəftəlik hücum mübadiləsinə hazırlaşır.
Məlumatı Axios yüksək vəzifəli Vaşinqton rəsmilərinə istinadən yayıb.
ABŞ rəsmilərinin sözlərinə görə, yeni kampaniyanın müddəti və miqyası tamamilə Tehranın sonrakı hərəkətlərindən asılı olacaq. İranın ticarət gəmilərinə hücum edib-etməməsindən asılı olaraq, bu, bir-iki gün, bir həftə və ya bir ay davam edə bilər.
Mənbələr bildirir ki, Ağ Ev ABŞ-ın eskalasiya üçün daha çox imkana malik olduğuna inanır, çünki son həftələrdə yüzlərlə neft tankeri boğazdan keçə bilib.
Bu da öz növbəsində administrasiya daxilində yenilənmiş münaqişənin dərhal neft qiymətlərində kəskin artıma səbəb olacağı ilə bağlı qorxuları aradan qaldırıb.
ABŞ rəsmisi bildirib ki, hazırkı eskalasiya parçalanmış İran rəhbərliyindəki ən radikal elementlər arasında anlaşma memorandumunun Tehrana heç bir real fayda gətirmədiyinə inananların məyusluğundan qaynaqlanır.
Vaşiqnton rəsmisi qeyd edib ki, yüzlərlə gəmi Oman sahili yaxınlığındakı cənub marşrutu ilə keçdiyindən İran Hörmüz boğazındakı mövqeyinin zəiflədiyini hiss edib.
Həmçinin ABŞ sanksiyalarının ləğvinə baxmayaraq, İran neft satışında çətinliklərlə üzləşib, çünki maliyyə qurumları müqavilələri təsdiqləməyib və ölkələr müvəqqəti güzəştlərə etibar etməkdən çəkiniblər.
Bundan əlavə, İranın dondurulmuş aktivləri hələ də blokdan çıxarılmayıb, çünki İran hələ nüvə müqaviləsində nəzərdə tutulan addımları atmayıb.
Rəsmi əlavə edib ki, ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında əldə edilən çərçivə müqaviləsi anlaşma memorandumunun Livan hissəsini lazımsız edib: "İran rəhbərliyinin bəziləri bütün bunlardan narazı idi... Onlar atəş açmağa başladılar və biz qərara gəldik ki, müqavimət göstərməyin vaxtıdır. Bu, bir prosesdir. Səbrimiz var. İstədiyimiz razılaşmanı əldə etməsək heç bir razılaşma bağlamayacağıq".







































