
Rusiyalı oliqarx Samvel Karapetyanın "Güclü Ermənistan" bloku Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrinin etibarsız sayılması tələbi ilə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
Söhbət iyunun 7-də baş tutan səsvermədən gedir.
Həmin seçkilərin nəticələrinə əsasən, Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası 49,81% səs qazanaraq qələbəsini elan edib.
Karapetyanın bloku 23,29% səslə ikinci yeri tutub, Robert Koçaryanın "Ermənistan Alyansı" 9,94% səs toplayıb, "Çiçəklənən Ermənistan" partiyası isə 3,996%-lik nəticə ilə minimum baryeri keçə bilməyib. Seçkilərdə seçici fəallığı 58,97% təşkil edib.
Diqqətçəkən məqam odur ki, Karapetyanın bu tələbi Moskvanın kəskin reaksiyasından dərhal sonra səslənib. Rusiya Xarici İşlər Nazirliyi bazar ertəsi günü - məhz rusiyayönümlü qüvvələrin seçkilərdəki məğlubiyyətindən sonra Ermənistan hakimiyyətini faktiki olaraq "repressiyalarda" və demokratiyanı "ayaqlar altına atmaqda" ittiham edib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, bütün seçki kampaniyası və səsvermə prosesi müxalif partiyalara və onların fəallarına qarşı "sərt repressiyalar şəraitində" keçib. Moskvanın xüsusi narazılığına səbəb isə Zaxarovanın iddiasına görə, bu təzyiqlərin Rusiya ilə ittifaqın, Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının tərəfdarı olan qüvvələrə, həmçinin Avropa İttifaqına üzvlüklə bağlı kursa qarşı yönəlməsi olub.






































