
Rusiyayönlü “Güclü Ermənistan” bloku hakimiyyətə gələrsə, Azərbaycan vətəndaşlarının Ermənistanda torpaq və daşınmaz əmlak almasını qadağan etmək niyyətindədir. Bu barədə baş nazirliyə namizəd, Rusiya əsilli oliqarx-milyarder, hazırda ev dustaqlığında olan Samvel Karapetyan bildirib. “Biz azərbaycanlıların Ermənistanda torpaq və ev almasını, hədiyyə almasını qadağan edən qanunlar qəbul edəcəyik”, - Karapetyan söyləyib.
Ardınca o, iddia edib ki, guya “300 min azərbaycanlı artıq torpaq sahələrini və evləri satın alaraq Ermənistanı işğal etməyi planlaşdırır”. “Artıq hamı bilir ki, onlar üçün kəndlər, məktəblər, uşaq bağçaları boşaldılır”, - deyə Paşinyanın seçkilərdəki əsas rəqibi əlavə edib. Bu açıqlama sözsüz ki, Azərbaycanla düşmənçiliyin davam etdiriləcəyinin anonsudur. Paşinyan da neçə vaxtdır elə onu deyir ki, bunlar hakimiyyətə gəlsə, müharibə qaçılmaz olacaq.
Bəs Kreml “desantı”nın bu yalanları və verdiyi vədlər erməni seçiciləri nə dərəcədə inandıracaq? Onların “saqqızını” Karapetyan oğurlaya biləcəkmi?
Professor Qabil Hüseynli qeyd edib ki, Karapetyan başından böyük qələt edib. Onun sözlərinə görə, "rusbaş" erməni oliqarx bu pafoslu fikirləri daxili auditoriyaya və seçiciyə hesablayıb.
Karapetyanı avantürüst adlandıran Q.Hüseynli hesab edir ki, onun addımları və çıxışları şarlatanlıqdır: "Karapertyan Vardanyanın bir tayıdır. Bu qanmaz hələ bilmir ki, Rusiya onu necə istifadə edir. O, 8 iyunda başa düşəcək ki, Moskva onu istifadə edib siyasi əski kimi tullayıb. Onun son açıqlamaları erməniləri Paşinyana qarşı qaldırmaqdır. Guya hazırkı hakimiyyət qərbi azərbaycanlıların qayıdışına şərait yaradacaq. Bununla cəmiyyəti qorxutmaq və Nikolu gözdən salmaq məqsədi güdür. Təbii ki, 300 min azərbaycanlının öz dədə-baba torpaqlarına qayıtmaq hüququ var. Sadəcə, mövcud reallıqda bunun tezliklə həyata keçməsi gözlənilmir".Q.Hüseynli hesab edir ki, Karapetyan seçkiləri uduzacaq: "Onun Rusiya vətəndaşı olması ermənilər üçün bir siqnaldır. Cəmiyyət anlayır ki, Karapetyan ölkəni yenidən Rusiyanın ağuşuna atacaq və Azərbaycanla sülh gündəliyi istər-istəməz pozulacaq. Paşinyan göstərir ki, onu seçməsələr Azərbaycan və Türkiyə ilə əlaqələr pozulacaq, neft məhsulları, taxıl, gübrə gəlməyəcək, sərhəddə eskalasiya riski yaranacaq. Baş nazirin bu təbliğatı ermənilərə təsir edir. Ona görə də Karapetyanın şansı azdır. Sadəcə, onun partiyasından bir neçə nəfərin deputat seçilməsi mümkündür. Əgər Rusiyanın adamı olmasaydı, bəlkə şansı yaranardı".







































