
Tramp Hörmüz boğazını yenidən açmaq üçün ölkələrdən ibarət koalisiya yaratmaq üzərində işləyir və bunu bu həftənin sonunda elan etməyə ümid edir.
“axios”a istiandən xəbər verir ki, Tramp eyni zamanda Fars körfəzində tankerlərin tıxanması halında, Xarq adasında yerləşən İranın mühüm neft anbarını ələ keçirməyi də nəzərdən keçirir və bu addım ABŞ qoşunlarının quruda olmasını tələb edəcək.
"Blokada davam etdikcə və Fars körfəzindən neft tədarükü məhdudlaşdırıldıqca, Tramp istəsə belə, müharibəni bitirə bilməyəcək", - Axios yazıb.
Tramp bildirib ki, ABŞ yeddi ölkə ilə danışıqlar aparır, lakin İranın çox az atəş gücünə malik olduğu üçün missiyanın kiçik olacağını vurğulayıb.
Nəşr yazıb ki, Tramp və administrasiyanın yüksək vəzifəli rəsmiləri şənbə və bazar günlərini çoxmillətli koalisiya yaratmaqla bağlı telefon danışıqları aparıblar.
Hələlik heç bir ölkə açıq şəkildə dəstək vəd etməyib, lakin administrasiyanın yüksək vəzifəli rəsmisi Trampın bir neçə ölkənin bu həftə dəstəyini elan edərək "Hörmüz Koalisiyası" yaratmasını gözlədiyini bildirib.
Danışıqlarla tanış olan mənbə bildirib ki, indi əsas vəzifə siyasi dəstəyi təmin etməkdir. Kimin nə vaxt və nə göndərəcəyi məsələsinə daha sonra qərar veriləcək.
Ölkələrdən döyüş gəmiləri, komandanlıq və idarəetmə sistemləri, dronlar və digər hərbi aktivlər təmin etmələri istənəcək.
Nəşr onu da qeyd edib ki, Tramp Xarq adasını birbaşa ələ keçirmək ideyasına cəlb olunub. Xarq adasının ələ keçirilməsi Tehran rejiminin maliyyələşdirmədən məhrum etməklə iqtisadi cəhətdən məğlub edilməsi demək olardı. Lakin bunun üçün ərazidə əlavə qoşunlara ehtiyac var və bu, İranın Fars körfəzindəki neft obyektlərinə, boru kəmərlərinə, xüsusən də Səudiyyə Ərəbistanına qarşı cavab zərbələrinə səbəb ola bilər.
"Böyük risklər var. Həmçinin böyük faydalar da var. Prezident hələ buna hazır deyil və biz onun hazır olacağını demirik", - Amerikalı rəsmi “Axios”a bildirib.
Rəsminin sözlərinə görə, boğazın təmizlənməsi səyləri uzanarsa, vəziyyət dəyişə bilər. "Prezident gözləməyəcək və iranlıların münaqişənin tempini diktə etməsinə imkan verməyəcək", - o qeyd edib.
Tramp həmçinin boğazın açılmasında Çinin köməyini gözlədiyini bildirib.
"Düşünürəm ki, Çin də kömək etməlidir, çünki Çin neftinin 90 faizini boğazdan alır", - deyə o bildirib.
O, əlavə edib ki, iki həftə sonra Si Cinpinlə keçirilməsi planlaşdırılan zirvə görüşündən əvvəl cavab gözləmək "çox uzun" idi və Çinə səfərinin də təxirə salına biləcəyini söylədi. "Biz bunu təxirə sala bilərik", - deyə Tramp bildirib.







































