
Bu həftə ABŞ Konqresində keçirilən qapalı brifinqdə prezident Donald Tramp administrasiyasının nümayəndələri bildiriblər ki, İrana qarşı hərbi kampaniyanın ilk altı günü ABŞ-a ən azı 11,3 milyard dollara başa gəlib. Məlumat xərclərlə bağlı daha ətraflı məlumat tələb edən senatorlara təqdim olunub.
Bu barədə CNN və Reuters məlumat yayıb.
Müdafiə xərcləri üzrə alt komitədə aparıcı demokrat senator Kris Kuns çərşənbə günü bildirib ki, ilkin hesablamalara görə, İranla müharibənin ilk altı günü ABŞ-a ən azı 11 milyard dollara başa gəlib.
Senatorların çərşənbə axşamı iştirak etdiyi qapalı brifinqdə səsləndirilən bu rəqəm müharibənin bütün xərclərini əhatə etmir. Lakin qanunvericilər administrasiyadan münaqişə ilə bağlı daha geniş məlumat tələb etdikləri üçün bu göstərici onlara təqdim olunub.
Administrasiya nümayəndələri həmçinin bildiriblər ki, zərbələrin ilk iki günü ərzində 5,6 milyard dollar dəyərində döyüş sursatı istifadə olunub.
Fevralın 28-də ABŞ və İsrailin hava zərbələri ilə başlayan hərbi kampaniya artıq təxminən 2000 nəfərin həyatına son qoyub. Ölənlərin böyük hissəsini İran və Livan vətəndaşları təşkil edir. Münaqişə həmçinin qlobal enerji bazarlarında və nəqliyyat sektorunda ciddi qeyri-sabitlik yaradıb.
Konqres üzvləri müharibənin ABŞ-ın hərbi ehtiyatlarını tükəndirə biləcəyi ilə bağlı narahatlıq ifadə ediblər. Xüsusilə də müdafiə sənayesinin artıq yüksək yüklənmə ilə işlədiyi bir vaxtda bu risk daha ciddi qiymətləndirilir. Keçən həftə prezident ehtiyatların bərpasını müzakirə etmək üçün yeddi müdafiə podrat şirkətinin rəhbərləri ilə görüş keçirib.
Administrasiya hələlik münaqişənin ümumi dəyəri və mümkün davametmə müddəti ilə bağlı açıq qiymətləndirmə təqdim etməyib. Çərşənbə günü Kentukki ştatına səfəri zamanı Donald Tramp “müharibəni qazandıq” desə də, ABŞ əməliyyat tam başa çatana qədər fəaliyyətini davam etdirəcəyini bildirib.
Demokrat qanunvericilər isə administrasiya nümayəndələrinin and altında ictimai dinləmələrdə çıxış etməsini tələb ediblər. Onlar prezidentin müharibə ilə bağlı planlarını, əməliyyatların nə qədər davam edə biləcəyini və hərbi əməliyyatlardan sonra İranla bağlı hansı addımların atılacağını açıqlamasını istəyirlər.






























