Day, Month 00, Year
00: 00: 00 AM
Deputat: “Azərbaycanda feminizmə ehtiyac yoxdur”

“Mən heç bir yerdə deməmişəm ki, feminizm olan yerdə ruzi-bərəkət olmur. Mənim açıqlamamın videogörüntüsü də var, kim baxsa, görər ki, mən elə bir ifadə işlətməmişəm”.
Bunu Sahibkartv.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Jalə Əhmədova deyib.
Deputatın fikrincə, o yerdə ki, qadın, kişi, böyük, kiçik yeri bilinmir, mental dəyərlərə önəm verilmir, orada heç vaxt ruzi-bərəkət, hüzur ola bilməz.
J.Əhmədova qeyd edib ki, feminizmin Azərbaycanda cərəyan edən forması hər kəsin göz önündədir.
“Onların qaldırdığı plakatlarda göstərilən fikirləri, səslənən şüarları hər kəs görüb. Budurmu feminizm? Jalə Əhmədova o fikirləri dəstəkləməlidir? Bunu heç zaman, heç kəs Jalə Əhmədovadan görməyəcək”, - deyə J.Əhmədova bildirib.
Millət vəkili Azərbaycanın dəyərləri ilə böyüyən bir xanım olduğunu vurğulayıb.
“Həmişə ailə tərbiyəsi görmüşəm, böyük-kiçik yeri bilmişəm. İşləməyimə baxmayaraq, həmişə ailəmdə həyat yoldaşımın da fikirlərini əsas tutmuşam. Nə qədər də çalışsaq da, qabağa getsək də, bilməliyik ki, bu, qardaşlarımızın, atalarımızın, yoldaşlarımızın dəstəyi ilə olmalıdır. Öz milli dəyərlərimizi unutmamalıyıq. Bizim ailələrin ailə kimi formalaşmasının səbəbləri də hörmətə əsaslanır”.
J.Əhmədova “Azərbaycan hüququnda qadın-kişi ayrı-seçkiliyi yoxdur. Lakin feministlərin iradı budur ki, müəyyən cinayət və ya mülki işlərin icrasında ayrı-seçkiliyə yol verilir. Yəni, iddia olunur ki, qanun olsa da, icrasında problemlər var. Bu barədə nə deyə bilərsiniz?” sualına da cavab verib.
Deputat qeyd edib: “Mən bu fikirlərlə razı deyiləm. Müxtəlif yerlərdə işləmişəm, ölüm işlərinə də, mülki işlərə də, məhkəmə işlərinə də baxmışıq. Bütün dünyada qadınlara qarşı hansısa zorakılıq, ayrı-seçkilik halları olur. Hətta özlərini həddindən artıq feminizm müdafiəçisi kimi qələmə verən ölkələrdə də eyni hal yaşanır”.
Milli Məclis üzvünün sözlərinə əsasən, Azərbaycanda feminizmə ehtiyac yoxdur.
“Çünki istər hüquqi tərəfdən, istərsə də ictimai-aktiv işlər tərəfindən xanımlarımıza bütün haqlar tanınıb. Azərbaycanda deyilənlərin əksinə olaraq xanımlarımıza yaşıl işıq yandırılıb, onlar hər yerdə də dəstəklənirlər. Altıncı çağırış Milli Məclisin tərkibində də əvvəlkilərə nisbətən xanımların sayı çoxdur.
Belə bir ölkənin hansı feminizmə ehtiyacı ola bilər?”, - deyə, J. Əhmədova fikrini yekunlaşdırıb.
Qeyd edək ki, J.Əhmədovanın “Cebhe.info”ya açıqlamasında feminizmlə bağlı səsləndirdiyi fikirlər müzakirə mövzusuna çevrilib.


Tarix: 23-09-2021, 16:15 Oxunub: 104


Bölməyə aid digər xəbərlər