
Məlhəm Beynəlxalq Hospitalda “Uşaqlıq dövründən yetkinlik dövrünədək neyroinkişaf: diaqnostika və multidisiplinar idarəetmə” mövzusunda elmi-praktik konfrans təşkil olunub.
Sahibkartv.az xəbər verir ki, Azərbaycan Pediatrlar Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi müasir tibbdə tətbiq olunan ən son diaqnostik və müalicə yanaşmalarının mütəxəssislər arasında paylaşılması, eləcə də gündəlik klinik praktikada rast gəlinən halların geniş müzakirəsi olub.
Konfrans çərçivəsində uşaqlıq dövründən başlayaraq yetkinlik mərhələsinədək neyroinkişaf prosesinin müxtəlif aspektləri, erkən diaqnostikanın rolu, kompleks yanaşmanın əhəmiyyəti və multidisiplinar idarəetmə modelləri diqqət mərkəzində olub. Çıxışlarda müasir tibbi yanaşmalar, innovativ müalicə üsulları və real klinik təcrübələr iştirakçılarla bölüşülüb.
Tədbirdə pediatrlar, uşaq nevroloqları və müxtəlif sahələr üzrə ixtisaslaşmış həkimlər iştirak edib. Klinik halların müzakirəsi təşkil olunub və praktik yanaşmaların təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.































